Avstriya

2015-04-28 01:12:00

Avstriya

Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir. Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və doktor dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.

Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən böyük universitet hesab olunur. Ali təhsil müəssisələrində dərs ili 8-12 semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda imtahan verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb olunur.

Avstriya ali məktəblərində kifayət qədər əcnəbi tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq istəyən əcnəbilərdən alman dilini yüksək səviyyədə bilmək, orta məktəbi bitirmək haqqında sertifikat və sağlamlıq haqqında arayış tələb olunur.

Avstriya universitetləri digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat qurumları hesab olunur. 2004-cü ildən universitetlərin hamısı elmi-tədqiqat işlərində və təhsil fəaliyyətlərində muxtar status qazanıb, tam müstəqil hüquqi qurum kimi fəaliyyət göstərirlər.