Utrext Universiteti

2015-06-06 03:44:53

Utrext Universiteti

Niderland Krallığında, Utrext şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Niderlandın böyük dövlət universitetlərindən biri olan bu ali məktəbin qədim bağları, binaları, yaxınlıqdakı küçələrin adları onun zəngin tarixə malik olmasının sübutudur.

Utrext Universiteti qədim tarixə malikdir. Hələ 695-ci ildə İrland keşişi Villibrord Utrext şəhərində keşiş yetişdirən məktəb yaratmağı təklif edir. Onun bu şəhərdə yaratdığı seminariya kilsə ilə əlaqəli fəaliyyət göstərir və sonradan Domskul - Kilsə Məktəbi adlandırılır. 1634-cü ildə Utrext Şəhər Şurası "Şöhrətləndirilmiş məktəb" adlı ali məktəb açır. 1636-cı il martın 26-da həmin məktəb Utrext Universitetinə çevrilir və elmi dərəcə vermək hüququ qazanır. Universitetdə dörd fakültə (fəlsəfə, hüquq, ilahiyyat, tibb) yaradılır. Fəaliyyətinin ilk vaxtlarında universitetin yeddi müəllimi və onlarca tələbəsi olur. Ali məktəbin tələbələri yalnız oğlanlardan ibarət idi. Burada həmin dövrdə təhsil alan yeganə qadın ilahiyyat üzrə mühazirələri dinləyən Anna Mariya van Şurman olur. Leyden, Franeker, Qroningen, Hardervik, Amsterdam kimi qədim və nüfuzlu ali məktəblərlə rəqabət aparan Utrext Universiteti tədricən böyüyür və çiçəklənir. Tezliklə universitetin Botanika bağı və Smeetoren astronomiya rəsədxanası istifadəyə verilir.

Universitetdə tələbələrə təhsil haqqı və yaşamaq xərclərini ödəməkdə köməklik məqsədi ilə hər ay DUO qrantı verilir. Bu qrant yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən və əyani təhsil alan tələbələrə verilir. Əcnəbi tələbələr üçün isə universitetdə müxtəlif məbləğli Utrext Üstünlük, Sylff, Fulbrayt/NAF, NFP; Çin, Xorvatiya, İslandiya, Makedoniya, Türkiyədən olan tələbələr üçün Huyqens; indoneziyalılar üçün Stuned; çinli doktorant və tədqiqatçılar üçün CsC; ABŞ-dan olan tələbələr üçün FAFSA və FFELP və s. təqaüd proqramları mövcuddur.

Utrext Universitetinin Humanitar və Hüquq fakültələrinin binaları Utrext şəhərinin mərkəzində, qalan binaları isə şəhər kənarındakı De Uithof ərazisində yerləşir. Utrext Universitetinə məxsus Universitet Kolleci Hollandiyanın sabiq hərbi bazası olan KROMHOUT Kazerne ərazisində yerləşir.

De Uithof kampusunda Utrext Universitetinin 30-a yaxın binası mövcuddur. Kampusun binaları qeyri-adi memarlıq üslubu ilə seçilir. Memar Rem Kolhaas tərəfindən inşa edilmiş Edukatorium binası dairəvi divarlara və şüşə körpüyə malikdir. Minnaert binasında yağış suyu toplamaq məqsədi ilə xüsusi hovuz quraşdırılıb. Kampusun ərazisində yerləşən binaların əksəriyyəti burada çalışan alimlərin adlarını daşıyır, məsələn: həkim Albert Abraham Hijmans van der Berqin, fizik Nikolas Blombergenin, qadın fizik Karolina Blikerin, kimyaçı Huqo Kruytun, sosiologiya fakültəsinin yaradıcılarından olan Martinus Langeveldin, belçikalı astronom Marsel Minnaertin, həkim van Straatenin, De Uithof ərazisində binaların tikintisini aparan memar Marinus Ruppertin, "İncil"in tədqiqatı ilə məşğul olan alim Villem van Unnikin, botanik Frits Ventin, fiziklər Robert van Qraaf və Leonard Salomon Ornşteynin, meteoroloq Buys Ballotun və s

Utrext Universiteti 7 fakültə və 3 institutdan - IVLOS Təhsil İnstitutu Ruzvelt Akademiyası və Utrext Universitet Kollecindən ibarətdir.

Utrext Universitetində tələbəyə yataqxanalarda qalmaq üçün ayda 400-650, qida, geyim, nəqliyyat, məişət xərcləri üçün 350-450, tibbi sığortadan keçmək, müayinə üçün 40-100, kitab və digər dərs ləvazimatları üçün 65-85, ümumi xərclər üçün isə 500 avro lazım gəlir.

Tibb fakültəsinin əməkdaşlarını çıxmaq şərtilə universitetdə 7479 nəfər işçi çalışır. Əməkdaşların 54%-ni kişi, 46% isə qadın işçilər təşkil edir.

Utrext Universitetində ümumilikdə 29927 nəfər tələbə təhsil alır. Tələbələrin 6378 nəfəri birinci kurs tələbəsi, 2150 nəfəri isə doktorantlardır. Universitetdə dünyanın 130 ölkəsindən 2532 nəfər əcnəbi tələbə təhsil alır.

Qədim tarixə və şərəfli inkişaf yoluna malik Utrext Universiteti məşhur məzunları və alimləri ilə tanınır. Utrext Universiteti yeni nəsil tədqiqatçıları, xüsusi bilik və professional bacarığa malik alimlər yetişdirməklə, əsaslı dəyişikliklərə yol açan kəşflərə imza atmaqla, eləcə də sosial problemlərin həllini tapmaq axtarışları ilə öz əsas missiyasını yerinə yetirir.

Reytinqi

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Utrext Universiteti 100 ən yaxşı ali məktəb arasında York Universiteti ilə birgə 70-ci yerdə sıralanmışdır.

2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə, Utrext Universiteti 143-cü yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 83-cü yerdə qərarlaşmışdır.

         

             Məşhur məzunları

  1. Maunq Maunq – Birma Dövlətinin 7-ci prezidenti;
  2. Els Borst – Niderland Krallığının sabiq səhiyyə naziri;
  3. Aqnes Yongerius – Niderland Həmkarlar İttifaqı Konfederasiyasının prezidenti;
  4. Piter Broertjes – Niderlandın "De Volkskrant" qəzetinin baş redaktoru;
  5. Vilhelm Rentgen – fizika üzrə Nobel mükafatı laureatı;
  6. Nikolas Blombergen – fizika üzrə Nobel mükafatı laureatı;
  7. Peter Debye – fizika üzrə Nobel mükafatı laureatı;
  8. Gerardus 't Hooft – fizika üzrə Nobel mükafatı laureatı;
  9. Martinus Veltman – fizika üzrə Nobel mükafatı laureatı;
  10. Tjallinq Çarlz Kupmans – fizika üzrə Nobel mükafatı laureatı;
  11. JH van 't Hoff – kimya üzrə Nobel mükafatı laureatı;
  12. Lavoslav Rujiçka – kimya üzrə Nobel mükafatı laureatı;
  13. Kistian Eykman – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  14. Villem Eynthoven – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  15. Rene Dekart – filosof, riyaziyyatçı;
  16. Klarens Barlou – Niderland bəstəkarı;
  17. Yan Yakob Lodevik ten Keyt – Niderland şair