Cenevrə Universiteti

2015-06-13 00:33:39

Cenevrə Universiteti

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində olan bir ictimai araşdırma universitetidir. Sürix Universitetindən sonra ölkənin ikinci ən böyük ali məktəbidir.

Universitet Jan Kalvin tərəfindən qoyulmuşdur. Belə ki, 1559-cu ildə ilahiyyatçı və pastor Jan Kalvin tərəfindən Cenevrə şəhərində ilahiyyat seminariyası və hüquq fakültəsi yaradılır. Seminariyanın ilk rektoru ilahiyyatçı Teodor de Beze təyin olunur. Fəaliyyətinin ilkin dövrlərində bu ali məktəb humanitar və dini təhsil verir. XVII əsrdə Cenevrənin İntibah mərkəzinə çevrildiyi vaxtlarda da ali məktəbdə təhsil ilahiyyat yönümlü olaraq qalır. Həmin dövrlərdə akademiya adlandırılan bu ali təhsil müəssisəsində dəqiq və fiziki elmlərə ehtiyac duyulur.

XIX əsrdə baş vermiş siyasi və ictimai dəyişikliklər akademiyada da bir çox yeniliklərə səbəb olur. 1873-cü ildə tibb fakültəsi açıldıqdan sonra ali məktəb dini yönümlülüyündən imtina edərək dünyəvi ali təhsil ocağına çevrilir. Həmin ildə ali məktəb universitet statusu alır. Bu dövrdən başlayaraq Cenevrə Universitetində yeni-yeni fakültələr yaradılır. Beynəlxalq Tədqiqat və İnkişaf, Bosse Ümumdünya institutları ilə əməkdaşlıq universitetin akademik həyatının daha da genişlənməsinə səbəb olur. Avropanın bir çox şəhərlərində alimlərin dindarlar tərəfindən təqib edilməsi nəticəsində Cenevrədə çoxlu sayda siyasi qaçqınlar, tələbə və tədqiqatçılar sığınacaq tapır, bu da şəhərin və Cenevrə Universitetinin intellektual səviyyəsinin zənginləşməsinə yol açır.

2005-ci ildən Cenevrə Universitetində Boloniya prosesinə uyğun olaraq təhsil üç pilləyə bölünür: bakalavr - 3 il, magistratura - 1-2 il, doktorantura - 3-5 il. 2006-cı ildən bu ali məktəbdə beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr səviyyəsi verilir.

2009-cu ildə Cenevrə Universiteti genişmiqyaslı ictimai tədbirlər təşkil edərək 450 illik yubileyini qeyd edib.

Cenevrə Universitetində yerli və əcnəbi tələbələrin təhsil haqqı ümumilikdə bakalavr, magistratura və doktorantura səviyyələrində 500 İsveçrə frankına bərabərdir. Bu məbləğin 65 İsveçrə frankını tələbələrin qeydiyyatdan keçmə xərcləri, 435 İsveçrə frankını isə təhsil haqqı təşkil edir. Semestrdən öncə tədris olunan fransız dili kurslarında təhsil almaq üçün tələbələr 100 İsveçrə frankı ödəməlidir. Universitetdə MBA proqramı üzrə təhsil haqqı fərqlidir, hətta bir sıra magistr proqramları üzrə təhsil haqqı 40000 İsveçrə frankına qədər yüksəlir.

Cenevrə Universitetində İsveçrə dövləti tərəfindən əcnəbi tələbələrə İsveçrə Federal təqaüdü təklif olunur. 80-ə yaxın ölkənin yer aldığı siyahıda ölkəmizin adına təsadüf olunmur, yəni azərbaycanlı tələbələr həmin təqaüdü almaq imkanına malik deyil. İsveçrə Federal təqaüdü magistr və doktorantlar üçün nəzərdə tutulub. Təqaüdün məbləği ayda 1920 İsveçrə frankıdır və sentyabr ayından başlayaraq 9 ay müddətində verilir. Tələbənin semestr ərzində göstərdiyi nəticələrdən asılı olaraq təqaüdün məbləği artırılır.

Dünyanın bir çox universitetlərində olduğu kimi, tələbələr Cenevrə Universitetinin yataqxanalarında yer tapmaq üçün əvvəlcədən universitetə müraciət etməlidir. Tədris ili başlamazdan əvvəl müraciət edən tələbələr heç bir çətinliklə üzləşmədən yataqxanalarda yerləşdirilirlər. Burada yerləşdirilmə aparılarkən əcnəbi və aztəminatlı tələbələrə üstünlük verilir.

Cenevrədə 1 ay yaşamaq (yataqxana və qidalanmaq daxil olmaqla) üçün tələbəyə ayda 1200 İsveçrə frankı lazım gəlir. Tələbələrin aldıqları təqaüd bu xərcləri tamamilə ödəyir.

Cenevrə Universitetində 7 fakültə, 1 məktəb, 5 institut və 6 fənlərarası mərkəz fəaliyyət göstərir. Bunlar

Fakültələr

  1. Dəqiq elmlər
  2. Tibb
  3. İncəsənət
  4. İctimai elmlər və iqtisadiyyat
  5. Hüquq
  6. Psixologiya və pedaqogika elmləri
  7. Protestant ilahiyyat fakültələri

Məktəb

  1. Yazılı və Şifahi Tərcümə Məktəbi

İnstitutlar

  1. Ekoloji Tədqiqatlar
  2. Avropa
  3. Reformasiya
  4. Cenevrə Maliyyə Elmi-Tədqiqat institutları
  5. İnformatika

Fənlərarası mərkəzlər

  1. Neyroelmlər Ətraf Mühit
  2. Kompüter Elmləri
  3. Energetika
  4. Gerontologiya
  5. İsveçrə Affektiv Elmlər

Universitetdə 280-dən çox müxtəlif proqram, 250 fasiləsiz təhsil proqramı təklif olunur.

 Cenevrə Universiteti akademik yaradıcılıq və bilik ötürücüsü funksiyasını daşıyan, beynəlxalq nüfuza malik kosmopolit elmi-tədqiqat müəssisəsidir. Universitetin əsas məqsədi tələbələrinə yüksək səviyyəli tədris, tədqiqat bacarıqları öyrətmək, əməkdaşlıq etdiyi təhsil müəssisələri və təşkilatların sırasını, dünyanın bütün ölkələrini təmsil edən tədqiqatçı və tələbələrinin sayını artırmaq, müxtəlif beynəlxalq akademik və mədəni tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olmaq və cəmiyyətə layiqli xidmət göstərməkdir. Yarandığı gündən bu ali məktəb yüksək etik standartlar tətbiq edərək keyfiyyətli və innovativ təhsil nümayiş etdirib. Bu gün Cenevrə Universiteti özünü Avropanın ən nüfuzlu ali məktəblərindən biri kimi təsdiq etməkdədir.

Xarici əlaqələri

Cenevrə Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının, Koimbra Qrupunun, Avropa Universitetləri Assosiasiyasının üzvüdür.

Reytinqi

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən Cenevrə Universiteti 100 ən yaxşı ali məktəb arasında 72-ci yerdə sıralanmışdır.

2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə, Cenevrə Universiteti 118-ci yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 71-ci yerdə qərarlaşmışdır.

               Məşhur məzunları

  1. Mişlin Kalmi-Rey – İsveçrə Konfederasiyasının prezidenti;
  2. Joze Manuel Barrozu – Avropa Komissiyasının sədri;
  3. Kofi Annan – BMT-nin 7-ci baş katibi, sülh üzrə Nobel mükafatı laureatı;
  4. Jorj Mari Martin Kottier – Roma-Katolik Kilsəsindən olan İsveçrə kardinalı;
  5. Şahzadə Jozefina Şarlotta – Lüksemburq knyaginyası;
  6. Ayşə Afət İnan – Türkiyə siyasətçisi, Atatürkün qızlığa götürdüyü qadın;
  7. Sandra Kalniyete – Latviya siyasətçisi;
  8. Norman Encell – sülh üzrə Nobel mükafatı laureatı;
  9. Daniel Bove – sülh üzrə Nobel mükafatı laureatı;
  10. Karl Qunnar Mirdal – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
  11. Moris Allis – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
  12. Nils Kay Jerne – tibb üzrə Nobel mükafatı laureatı;
  13. Edmond Fişer – tibb üzrə Nobel mükafatı laureatı;
  14. Martin Rodbell – tibb üzrə Nobel mükafatı laureatı;
  15. Verner Arber – tibb üzrə Nobel mükafatı laureatı;
  16. Alan Cey Higer – kimya üzrə Nobel mükafatı laureatı;
  17. Stanislav Smirnov – riyaziyyat üzrə Filds mükafatı laureatı;
  18. Anri Dünan – Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaradıcısı, sülh üzrə Nobel mükafatı laureatı;
  19. Ferdinand de Sossür – tanınmış fransız linqvisti, strukturalizmin banisi;
  20. Paskal Engel – fransız filosofu;
  21. Mişel Butor – tanınmış fransız yazıçısı.