Tallin Texniki Universiteti

2015-06-14 13:23:36

Tallin Texniki Universiteti

Tallin Texniki Universiteti — Estoniyada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Texniki sahə üzrə əhatəli tədris prosesinin və elmi-tədqiqat işlərinin həyata keçirildiyi ali məktəblər sırasında Tallin Texniki Universiteti xüsusi mövqeyə malikdir. Universitet 1918-ci il, 17 sentyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində məktəb kimi fəaliyyətə başlayıb və 1938-ci ildə universitet statusu əldə edib.

Estoniya Texniki Cəmiyyəti tərəfindən yaradılan məktəb maşınqayırma, elektrotexnika, gəmi inşaatı, hidrotexnika, tikinti və memarlıq sahələri üzrə ixtisaslaşmışdı. Qeyd edək ki, hazırda ümumilikdə universitetin binası (Wi-Fi) sistemi ilə tam əhatə olunub.

Bu gün ali təhsil ocağında 8 fakultə və 4 kollec fəaliyyət göstərir. Texniki universitet təxminən 14 000 tələbə və 2000 əməkdaşı ilə Estoniyanın mühəndislik və texniki təhsil üzrə lideridir. Tələbələrin sayı üzrə Estoniyada ikinci yeri tutur. Ali təhsilə fənlərarası yanaşma, innovasiya və texnologiyaların inkişafı universitetin tipik xüsusiyyətidir. Texniki, dəqiq, sosial və təbiət elmləri sahəsində ali təhsil vasitəsilə Estoniyanın perspektivli inkişafına dəstək bu ali məktəbin missiyası elan olunub. Universitetin şüarı hesab olunan "Mente et Manu!" latın dilindən tərcümədə "Ağılla və əllərlə!" mənasını ifadə edir. Bu ifadə Tallin Texniki Universitetində verilən təhsilin mahiyyətini izah edir. Belə ki, tələbələrə ağıllı qərarları qəbul etməyi və eyni anda düşündüklərini həyata keçirməyi bildirir.

Ali təhsil ocağında elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirilir. Universitetin intensiv elmi-tədqiqat fəaliyyəti ona Avropanın aparıcı elmi mərkəzlərinin arasında ön mövqelərdə qərar tutmasını təmin edib.

Tallin Texniki Universiteti texniki, iqtisadi və humanitar ixtisaslar üzrə ali təhsil proqramlarının tam spektrini təklif edir. Tədris Eston, ingilis və rus dillərində həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, universitet bütün tələbələrin yaşayış yeri ilə təmin olunmasına zəmanət vermir. Lakin əcnəbi tələbələrin yerləşdirilməsi bu sahədə prioritet hesab olunur. Beynəlxalq tədris mərkəzinin personalı yaşayış yerinin axtarışında xarici tələbələrə dəstək göstərir.

Yataqxanada qalmanın dəyəri kommunal xidmətlərdən əlavə (təqribən €20) aylıq €70 təşkil edir.

Tallin Texniki Universitetinin bakalavriatura, magistratura və doktorantura pillələrini əhatə edən çoxsaylı təhsil proqramları 8 fakültə üzrə strukturlaşdırılıb: mülki tikintisi, energetika, sosial, informasiya texnologiyaları, kimya və materialların texnologiyaları, iqtisadiyyat və biznesin idarə etməsi, riyaziyyat, təbiət elmləri və maşınqayırma fakültələri

İnformasiya Texnologiyaları fakultəsi Tallin Texniki Universitetinin səkkiz fakültəsindən ən böyüyüdür. Fakültə 1965-ci ildə yaradılıb və hazırda burada 2500 tələbə təhsil alır.

Fakültə 2007-ci ildə tamamilə müasir şəkildə qurularaq yenidən təchiz edilib. Korpusda elmi işlərin keçirilməsi üçün çox əlverişli imkan yaradılıb.

Fakültədə bakalavriatura təhsil pilləsi üzrə tədris prosesinin həyata keçirildiyi kompyuter sistemləri, informatika, biznes-infotexnologiya, telekommunikasiya, elektronika və bionika, magistratura üzrə isə sadalanan ixtisaslarla yanaşı ingilis dilində həyata keçirilən Cyber security və Software Engineering, doktorantura üzrə infotexnologiya və kommunikasiya texnologiyaları ixtisasları fəaliyyət göstərir.

Fakültə hər il informasiya texnologiyaları, telekommunikasiya və informasiya sistemlərində idarəetmə sahəsində yüksək ixtisaslı mütəxəssisləri buraxaraq sözügedən sahənin inkişafında əhəmiyyətli rol oynayır.