Berlin Texniki Universiteti

2015-05-23 03:59:28

Berlin Texniki Universiteti

Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir. 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun (4 il sonra adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur) əsası qoyulur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin Biznes Akademiyası (1821), 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir. Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır. 

Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır. 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir. 1899-cu ildə alman imperatoru və Prusiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir. 
İnstitut 20 aprel 1945-ci ildə bağlanmış və 1946-cı il 9 aprel tarixində Berlin Texniki Universiteti adı altında yenidən fəaliyyətə başlamışdır. 
Berlin Texniki Universitetində ümumilikdə 30 mindən artıq tələbə təhsil alır. Onlardan 6 mini, yəni 20%-i əcnəbilərdir. Digər texniki ali məktəblərdən fərqli olaraq universitet zəngin tədris vəsaitləri təqdim edir. Burada biotexnologiya, mühəndis elmləri, inşaat, iqtisadiyyat, informatika, eləcə də humanitar və sosial elmlər üzrə bakalavr və magistrlər hazırlanır. Hazırda Berlin Texniki Universitetində təhsil 7 fakultə (Humanitar elmlər, Riyaziyyat və dəqiq elmlər, Elektrotexnika və informatika, Nəqliyyat və maşınqayırma, İqtisadiyyat və menecment, Ekologiya, Sosiologiya) üzrə aparılır. “Humanitar elmlər” fakültəsi 7 mart 1950-ci ildə yaradılmışdır. 
Berlin Texnoloji Universitetinin ərazisi Berlin şəhərinin müxtəlif yerlərində təqribən 600 000 m² ərazini əhatə edir. Əsas universitet şəhərçiyi Şarlottenburqda yerləşir. 
Universitetin yeni əsas kitabxanası 2004-cu ildə açılmışdır. Əvvəlki 17 kitabxana da bu kitabxanaya birləşdirilmişdir. 

 Fakultələr:

Humanitar Elmlər

Riyaziyyat və Təbiət Elmləri

Proses Elmləri

Elektrik Mühəndisliyi və Komputer Elmləri

Mexanika Mühəndisliyi və Transport Sistemləri

Layihə-Tikinti- Ətraf Mühit

İqtisadiyyat və Menecment