Estoniya

2015-05-21 07:32:56

Estoniya

Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən ölkədəki etnik azlıqların qorunması, inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır.

Təhsil sisteminə rəhbərlik Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması, dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi, o cümlədən məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri daxildir.

Ölkənin təhsil sistemi məktəbəqədər təhsil, əsas təhsil (təhsilin ilk pilləsi), orta təhsil (təhsilin ikinci piləsi) və ali təhsil (təhsilin üçüncü pilləsi) səviyyələrindən ibarətdir. Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir.

Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən, akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı verilmir.

Orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.

Tələbələr ali təhsilin birinci mərhələsində iki növ kurikulumdan birini seçə bilərlər:

* Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili;

* Praktiki prinsiplərə əsasən nəzəri biliklərin inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30 faizini təşkil edir.

Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir.

Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistr səviyyəsində təhsillərini davam etdirə bilərlər.

Magistr təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 60-120 kredit) arasında dəyişir. Bakalavr və magistr səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir. Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir. Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3-4 il davam edir.

Qeyd etdiyimiz kimi, Estoniyanın ali təhsil sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir: universitetlər və ali peşə təhsili müəssisələri.

Universitetlər elmi-tədqiqat, inkişaf, təhsil və mədəniyyət əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti beynəlxalq standartlara uyğun əsas və tətbiqi tədqiqatın aparılmasından ibarətdir. Universitetləri şərtləndirən əsas cəhət bu təhsil müəssisələrində ali təhsilin ikinci və üçüncü səviyyəsi üzrə nəzəriyyəyə əsaslanan tədqiqatların və mütəxəssis hazırlığının həyata keçirilməsidir.

Ali peşə təhsili müəssisələrində isə ali təhsilin birinci səviyyəsi üzrə peşə bacarıqlarına yiyələnmiş mütəxəssislər əmək bazarının tələblərinə uyğun olaraq hazırlanır.

Kurikulum çevikliyi və təcrübəyə üstünlük verilməsi, eləcə də şirkətlər, peşə assosiasiyaları, ictimai tərəfdaşlar ilə əməkdaşlıq edilməsi ali peşə təhsili müəssisələrini şərtləndirən əsas cəhətlərdir. Ali peşə təhsili müəssisələrində magistratura səviyyəsi üzrə mütəxəssis hazırlığına hökumətin razılığı əsasında icazə verilir. 2008-ci ilin statistikasına görə, Estoniyada 6 ali peşə təhsili müəssisəsində magistr pilləsi üzrə mütəxəssis hazırlığı həyata keçirilib.

Müəllimlik peşəsi üzrə kadrların hazırlanması universitetlərdə və kolleclərdə həyata keçirilir. Məktəbəqədər təhsil üzrə müəllimlərin hazırlığı isə həm universitet, həm də ali peşə təhsili müəssisələrində təşkil edilir.

Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən 68000 nəfər olub.

Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli və ödənişli ixtisaslar arasındakı nisbət əhəmiyyətli dərəcədə dəyişib. 2008-2009-cu tədris ilində ali məktəblərə qəbul zamanı dövlət sifarişli ixtisaslara qəbul edilən tələbələr ümumi tələbə sayının 46 faizini təşkil edib.

Artmaqda olan əmək bazarının tələblərinə uyğun olaraq ali təhsil pilləsi üzrə müəyyən olunmuş prioritet sahələrə-mühəndislik, istehsalat və emal, kompüter elmləri, ətraf mühitin mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri aiddir. Bu sahələrə tələbat böyük olduğuna görə, müvafiq ixtisaslara qəbul prosesi yüksək rəqabət şəraitində keçirilir.