Münhen Texniki Universiteti

2015-06-26 00:15:53

Münhen Texniki Universiteti

  Yerləşir:  Almaniya FR, Bavariya vilayəti, Münhen şəhəri  
Yaranma tarixi: 1868-ci il
Tipi: Dövlət    
İşçi heyətinin ümumi sayı: 460 nəfər professor, 4160  nəfər akademik heyət, 2801 nəfər inzibati heyət
Tələbələrin ümumi sayı: 25000 nəfər
Rəsmi saytı: www.tum.de

 Münhen Texniki Universiteti (almanca Technische Universitat München) Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münhen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Bu ali təhsil ocağının məzunlarından 16 nəfər Nobel mükafatına layiq görülüb.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Münhen Texniki Universiteti 100 ən yaxşı ali məktəb arasında 55-ci yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında, "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən, Münhen Texniki Universiteti 101-ci, "QS World University Rankings"in açıqlamasına əsasən isə 58-ci yerdədir.

Münhen Texniki Universiteti Avropa və Asiya universitetlərini birləşdirən LAOTSE tələbə və müəllimlərin beynəlxalq təşkilatının, TIME (Avropanın Top Sənaye Müəssisələri) şəbəkəsinin üzvüdür. 

Tarixi 

1970-ci ildə ali məktəbə Texniki Universitet adı verilir. 1995-ci ildə kimyaçı professor Volfqan German Münhen Texniki Universitetinin prezidenti təyin edilir. Onun rəhbərliyi altında universitet sürətlə inkişaf edir. 2000-ci ildə Münhen Texniki Universitetində Veyenştefan Həyat və Qida Elmləri, Torpaq istifadəsi və Ətraf mühit Mərkəzi yaradılır. İki il sonra Sinqapurda universitetin Alman Elm və Texnologiya  İnstitutu fəaliyyətə başlayır. 2004-cü il martın 2-də Hans Mayer-Leybnits adına Forschungsreaktor Münhen II aparıcı neytron mənbəyi olan tədqiqat mərkəzinin açılışı baş tutur. 2009-cu ildə Münhen Texniki Universitetinin Təhsil Məktəbi yaradılır.   

Büdcəsi və təhsil haqqı 

2006-cı il mayın 18-də Bavariyada "Ali təhsil haqqında" qanuna dəyişikliklər edilib. 2006-cı ilin 1 iyun tarixindən isə qanun qüvvəyə minib. Həmin qanunun 101-ci maddəsinə əsasən, 2007-ci ildən başlayaraq təhsil ödənişli olub.

2009-2011-ci illərdə Münhen Texniki Universitetində tələbələrin təhsil haqqı bir semestr ərzində 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün isə tələbə 42 avro ödəməlidir. 2009-cu ilədək burada tələbələrdən 50 avro dəyərində inzibati ödəniş tələb olunurdu, lakin həmin il aprelin 1-dən bu ödəniş ləğv edilib.

Münhen Texniki Universitetində tələbələrə müxtəlif təqaüd təklif edilir. Təqaüdün məbləği orta hesabla bakalavrlar üçün 580 avro, magistrant və doktorantlar üçün isə 1050 avro təşkil edir.

Münhendə yaşayış yeri tapmaq tələbələr üçün xüsusilə oktyabr və noyabr aylarında,  çətindir. Tələbələr, əsasən, xüsusi evlərdə kirayədə qalırlar. Tələbə xidməti idarələri gənclərə bir sıra yataqxanalar təklif edir. Burada otaqların aylıq qiyməti 300-600 avro arasında dəyişir.  

Universitet bu gün 

Münhen Texniki Universitetində 133 proqram təklif edən 13 fakültə mövcuddur. Bunlar riyaziyyat, fizika, kimya, iqtisadiyyat, inşaat və geodeziya, memarlıq, maşınqayırma, elektrotexnika və hesablama texnikası, kompüter elmləri, tibb, idman, təhsil fakültələri, Veyenştefan Həyat, Qida Torpaq İstifadəsi və Ətraf Mühit Mərkəzidir. Sadalanan fakültələrlə yanaşı, universitetdə FRM-II Reaktor tədqiqatları, Texnika və yarımkeçiricilər fizikası departamenti (Valter Şottki İnstitutu), Avropa Cənub Rəsədxanasının qərargahı, Maks Planka institutları (atrofizika, fəza, plazma, kvant optikası), Valter Maysner (aşağı temperatur fizikası), Leybnits Rexenzentrum institutları, Bavariya Tətbiqi Energetik Tədqiqatlar, Reaktorların təhlükəsizliyi, Qlobal tədqiqatlar və digər elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Münhen Texniki Universiteti 140-dan çox ölkənin ali məktəbləri ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadiləsi aparır. Sinqapur Milli Universiteti, Nanyanq Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin Almaniya Elm və Texnologiya İnstitutu fəaliyyət göstərir. Münhen Texniki Universiteti Danimarka, Vyana, Corciya, Dehli, Sisindorn Beynəlxalq texniki universitetləri, Stenford, İllinoys, Kornell, Tsinxua, Tokio, Melburn və dünyanın digər nüfuzlu universitetləri ilə beynəlxalq əlaqələr qurur, birgə layihələr həyata keçirir.

 Ali məktəbdə 460 nəfər professor, 4160 nəfər akademik heyət, 2801 nəfər inzibati heyət çalışır.

Münhen Texniki Universitetində ümumilikdə 25000 nəfər tələbə qeydə alınıb. Onların 4000-nə yaxını dünyanın müxtəlif ölkələrindən gəlmiş əcnəbi tələbələrdir. Münhen Texniki Universitetində də dünyanın digər ali məktəblərində olduğu kimi, müxtəlif tələbə təşkilatları, birliklər, idman komandaları fəaliyyət göstərir, gənclərin dərsdən sonrakı asudə vaxtlarını səmərəli keçirmələri üçün rəngarəng tədbirlər təşkil olunur.

Almaniya təhsil sistemi hər zaman dünyəviliyi, yüksək səviyyədə təşkil olunması ilə seçilib və digər ölkələr üçün nümunə olub. Müxtəlif dövlətlərdə yeni yaradılan dövlət və özəl ali məktəblər alman prinsiplərini üstün tutaraq ona əməl etməyə çalışıb. Münhen Texniki Universiteti alman təhsil sisteminin ən yaxşı cəhətlərini özündə birləşdirən elmi-tədqiqat mərkəzidir. Xüsusilə dəqiq və texniki elmlər üzrə ixtisaslaşmış Münhen Texniki Universiteti dünyaya çoxlu sayda alimlər, dahi şəxslər, eləcə də  saysız-hesabsız elmi nailiyyətlər bəxş edib və bu missiyasını layiqincə yerinə yetirməkdə davam edir.  

Universitetin məşhur məzunları 

  Herxard Etl  kimya üzrə Nobel mükafatı laureatı  
  Volfqanq Ketterel kimya üzrə Nobel mükafatı laureatı  
  Rihard Robert Ernst   kimya üzrə Nobel mükafatı laureatı  
  Robert Hyunber  kimya üzrə Nobel mükafatı laureatı  
  Con Dizenhofer kimya üzrə Nobel mükafatı laureatı  
  Ernst Otto Fişer kimya üzrə Nobel mükafatı laureatı  
  Hans Fişer  kimya üzrə Nobel mükafatı laureatı  
  Henrix Otto Viland kimya üzrə Nobel mükafatı laureatı  
  Ervin Neher   tibb üzrə Nobel mükafatı laureatı  
  Konrad Emil Bloç tibb üzrə Nobel mükafatı laureatı  
  Fedor Linen tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Volfqan Paul fizika üzrə Nobel mükafatı laureatı  
  Ernst Ruska fizika üzrə Nobel mükafatı laureatı  
  Klaus fon Klitsinq  fizika üzrə Nobel mükafatı laureatı  
  Rudolf Moblauer fizika üzrə Nobel mükafatı laureatı  
  Con Robert Şriffer fizika üzrə Nobel mükafatı laureatı  
  Karl Aleksandr Müller fizika üzrə Nobel mükafatı laureatı  
  Tomas Mann ədəbiyyat üzrə Nobel mükafatı laureatı