Azad Berlin Universiteti

2015-06-26 00:16:56

Azad Berlin Universiteti

  Yerləşir: Almaniya, Berlin şəhəri  
Yaranma tarixi: 1948-ci il
Tipi: Dövlət
işçi heyətinin ümumi sayı: 4871 nəfər
Tələbələrin ümumi sayı: 35000 nəfər
İllik büdcəsi: 380 milyon avro
Rəsmi saytı: www.fu-berlin.de
 

Azad Berlin Universiteti (almanca Freie Universität Berlin) Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşir. Bu ali məktəb Almaniyanın və Kontinental Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Azad Berlin Universiteti 100 ən yaxşı ali məktəb arasında 94-cü yerdə dayanıb. "QS World University Rankings"in 2010-2011-ci tədris ili üzrə açıqlamasına görə, Azad Berlin Universiteti dünyanın ən nüfuzlu universitetləri arasında 70-ci, 2011-2012-ci tədris ilində isə 66-cı yerdə qərarlaşıb. 

Tarixi 

Azad Berlin Universiteti 1948-ci il dekabrın 4-də ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən Humboldt Universitetində tələbələrin təqib edilməsinə cavab olaraq yaradılıb. Universiteti yaradan tələbə və müəllimlər siyasi təsirdən uzaq olan ali məktəbdə oxumaq və tədqiqat aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən səxavətli yardım nəticəsində Azad Berlin Universitetinin bir neçə yeni bina kompleksi, eləcə də Bencamin Franklin Universitet Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə zalı tikilir. Həmin dövrdən etibarən universitetin şüarı "Həqiqət, ədalət və azadlıq"dır.

1968, 1990, 2007-ci illər Azad Berlin Universitetinin tarixində dönüş mərhələləri kimi yadda qalır. 1960-cı ildə universitetdə birlik və demokratiya uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və 2000-ci illərdə Almaniyanın birləşməsindən sonra Azad Berlin Universitetində köklü dəyişikliklər baş verir. Universitetin fəaliyyəti genişlənir, fundamental təhsil islahatları aparılır, idarəetmə sistemi müasirləşdirilir.

2007-ci ildə Azad Berlin Universiteti yüksək sahibkarlıq prinsiplərinə görə mükafata layiq görülür və bu, universitetin tarixində əhəmiyyətli hadisə kimi yadda qalır. Həmin ildə Azad Berlin Universitetində sovet xüsusi xidmət orqanları tərəfindən öldürülən tələbələrin şərəfinə abidə ucaldılır. Eyni zamanda bu ali məktəbin inkişafında və azadlığı uğrunda mübarizədə xidmətləri olan şəxslərə universitet rəhbərliyi tərəfindən mükafatlar verilir.  

Universitet bu gün  

Almaniya təhsil sistemi hər zaman dünyəviliyi ilə digər ölkələr üçün nümunə olub. Bu ənənələri özündə əks etdirən Azad Berlin Universiteti Berlin şəhərinin cənub-qərbində Dalem yaşayış rayonunda Steqlitz-Zehlendorf ərazisində yerləşir.

Azad Berlin Universiteti 4 kampusdan ibarətdir. Bunlar Dalem, Lankuitz, Düppel, Bencamin Franklin kampuslarıdır.

Universitetin ən böyük binası Rost-und Silberlaube Dalem kampusunda yerləşir. Bu kompleks bir sıra əlaqəli strukturdan ibarətdir. Britaniyalı memar lord Norman Foster tərəfindən bu binaya Filologiya kitabxanasının binası əlavə olunub.

Lankuitz kampusunda Geologiya, Coğrafiya Elmləri institutları, Yer elmləri departamentinin binası yerləşir. Universitet arxivinin bir hissəsi də Lankuitz şəhərciyində saxlanılır.  

Düppel kampusunda əsasən Baytarlıq fakültəsinin binaları cəmlənib. Burada Kiçik Heyvanların Sağlamlığı, Atların Kliniki Cərrahiyyəsi və Radiologiya, Reproduksiya Baytarlıq, İribuynuzlular Baytarlıq, Quş Xəstəlikləri xəstəxanaları mövcuddur.

Bencamin Franklin kampusunda Şarite Tibb Mərkəzinin binaları və xəstəxanaları yerləşir. Bu kampus Berlin şəhərinin cənubunda Steqlitz rayonundadır. 

Azad Berlin Universitetində 160 təhsil proqramı təklif edən 10 fakültə, 2 məktəb və 3 mərkəzləşmiş institut (Con Kennedi, Latın Amerikası Tədqiqatları, Şərqi Avropa Tədqiqatları institutları) fəaliyyət göstərir.

Biologiya, kimya və əczaçılıq fakültəsi Kimya və Biokimya, Biologiya, Əczaçılıq institutlarından ibarətdir.

Pedaqogika və psixologiya fakültəsi Psixologiya, Pedaqogika və ibtidai təhsil departamentlərindən ibarətdir.

 

 

 

Yer elmləri fakültəsinə Geologiya, Coğrafiya, Meteorologiya və Yer elmləri institutları daxildir.

Tarix və kulturologiya fakültəsi.

Riyaziyyat və kompüter elmləri fakültəsi.

Fəlsəfə və humanitar elmlər fakültəsi.

Fizika fakültəsi.

Siyasi və sosial elmlər fakültəsi.

Hüquq fakültəsi Vətəndaş Hüququ, Cinayət Hüququ, İctimai Hüquq institutlarından ibarətdir.

Baytarlıq fakültəsi.

Tibb Məktəbi (Berlin Tibb Universiteti) Almaniyada bu sahəni əhatə edən ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir.   

Biznes və İqtisadiyyat Məktəbi universitetin ən böyük məktəblərindən, ölkənin isə iqtisadiyyat üzrə tədqiqat mərkəzlərindən biridir.

Universitetin əməkdaşlarının sayı 4871 nəfərdir. Əməkdaşların 422 nəfəri professor, 1200 nəfəri elmi işçi, qalanları isə inzibati heyətdir. Ali məktəbdə təhsil alan tələbələrin sayı təxminən 35000 nəfərdir.

Azad Berlin Universitetinin bir qrup tədqiqatçısının apardığı mükəmməl tədqiqatlar çoxlu sayda Nobel mükafatına layiq görülməklə təhsil müəssisəsinə böyük nüfuz qazandırıb.

Bu gün Azad Berlin Universiteti dünyanın 339 ali məktəbi ilə əməkdaşlıq edir və Almaniyanın sürətlə inkişaf edən 9 elit universitetlərindən biridir. Hər il 600-dən çox əcnəbi alim universitetdəki tədqiqatlara qatılır. Universitetin inkişafında və rəqabətli elmi-tədqiqatların aparılmasında bu ali məktəbin məzunları böyük rol oynayır. Onların təhsil aldıqları ali məktəbə göstərdikləri yardım nəticəsində universitet bir çox elmi nailiyyətlərə imza atıb.  

Universitetin məşhur məzunları 

  Klaus Henş  Avropa Parlamentinin sabiq prezidenti  
  Roman Hersoq  Almaniyanın sabiq prezidenti  
  Ernst Benda Almaniyanın sabiq daxili işlər naziri  
  Otto Şili    Almaniyanın sabiq daxili işlər naziri  
  Herta Doybler-Qmelin Almaniyanın sabiq ədliyyə naziri  
  Hans Eyhel  Almaniyanın sabiq maliyyə naziri  
  Andrea Fişer   Almaniyanın sabiq səhiyyə naziri  
  Renata Künast Almaniyanın sabiq İstehlakçıların Hüquqlarının Müdafiəsi,
Qida və Kənd Təsərrüfatı naziri
 
  Yutta Limbax   Almaniya Konstitusiya Məhkəməsinin sabiq prezidenti  
  Eberhard Diepgen Berlin şəhərinin sabiq meri  
  Gerhard Ertl  kimya üzrə Nobel mükafatı laureatı  
  Oe Kendzaburo   ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Herta Müller ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Ernst Ruska fizika üzrə Nobel mükafatı laureatı  
  Reynhard Selten iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  İrmella Hijiya-Kirsçereyt Leybnits mükafatı laureatı