Münhen Lüdviq-Maksimilian Universiteti

2015-06-26 00:17:50

Münhen Lüdviq-Maksimilian Universiteti

Münhen Lüdviq-Maksimilian Universiteti

 
  Yerləşir:   Almaniya Federativ Respublikası, Münhen şəhəri  
Yaranma tarixi: 1472-ci il
Tipi: Dövlət
İşçi heyəti: 14000 nəfər
Tələbələrin ümumi sayı: 48857 nəfər
Ümumi büdcəsi: 482,4 milyon avro
Rəsmi saytı: www.uni-muenchen.de
 

Münhen Lüdviq-Maksimilian Universiteti (Ludwig-Maximilians-Universitat (LMU) München) Almaniyanın Münhen şəhərində yerləşir. 500 ildən artıq tarixə malik bu universitet tələbələrinin sayına görə ölkənin ən böyük ikinci ali təhsil ocağı hesab edilir.

Münhen Lüdviq-Maksimilian Universiteti dünya universitetləri arasında özünəməxsus yer tutur. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Münhen Lüdviq-Maksimilian Universiteti 100 ən yaxşı ali məktəb arasında 98-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-2011-ci illər üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Münhen Lüdviq-Maksimilian Universiteti 61-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 66-cı yerdə qərarlaşıb. "Times Higher Education World University Rankings"in 2011-2012-ci tədris ili üzrə açıqladığı reytinq cədvəlinə əsasən universitet 45-ci, "QS World University Rankings"in reytinqində isə 62-ci yerdə dayanır.

Münhen Lüdviq-Maksimilian Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının, Vyana Beynəlxalq Universitetinin, Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) və Bavariya Beynəlxalq Akademik Mərkəzinin təsisçi üzvüdür. Universitet, həmçinin Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus Mundus proqramında fəal iştirak edir.   

 

 

 

Universitet bu gün 

 Münhen Lüdviq-Maksimilian Universiteti XX əsrdə əsaslı şəkildə genişlənməyə başlayır. Universitetin ərazisində yeni fakültələr (baytarlıq, pedaqoji və s.) yaradılır. Universitetdə Avropa ərazisində yeganə olan Biotexnologiya Mərkəzi, astronomiya və aqrofizika elmi-tədqiqat institutları və aynalı teleskopu olan rəsədxana fəaliyyət göstərir.

  Münhen Lüdviq-Maksimilian Universitetinin institutları və tədqiqat mərkəzləri Münhendə və ona yaxın qəsəbələrdə yerləşir. Universitetin əsas binaları əsasən Qeşvister-Şol-Plaç ərazisində yerləşir. Digər binalar - Hay-Tek Kampusu, Pedaqogika və Psixologiya fakültəsinin yerləşdiyi Şvaynxenbau binası, universitetin klinikaları, kimya və biotexnologiya kampusları və s. Qrosxarden rayonu ərazisində fəaliyyət göstərir. 

   Hazırda universitetdə 18 fakültə və 41 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Katolik İlahiyyat  fakültəsi.

Protestant İlahiyyat fakültəsi.

Hüquq fakültəsi.

Biznesin İdarə olunması fakültəsi.

İqtisadiyyat fakültəsi.

Tibb Fakültəsi tibb üzrə Almaniyanın cənub ərazisində mövcud olan ən böyük təhsil müəssisəsidir. Onun tərkibinə Münhen Hospital Universiteti daxildir.

Baytarlıq Tibb fakültəsi.

Tarix və Sənətşünaslıq fakültəsi.

Fəlsəfə, Elm Nəzəriyyəsi və Dinşünaslıq fakültəsi.

Psixologiya və Pedaqogika fakültəsi üç institutdan ibarətdir. Fakültədə pedaqogika, Təhsil və Sosiallaşma, Məktəb və Təlim üzrə Tədqiqat, Profilaktika, Reabilitasiya və İnteqrasiya üzrə Tədqiqat institutları fəaliyyət göstərir.   

Mədəniyyətşünaslıq fakültəsi.

Dilçilik və Ədəbiyyatşünaslıq fakültəsi.

İctimai Elmlər fakültəsi.

Riyaziyyat, İnformatika və Statistika fakültəsi.

Fizika fakültəsi.

Kimya və Əczaçılıq fakültəsinə Biokimya və Əczaçılıq şöbələri daxildir. Fakültə Hay-Tek kampusunda yerləşir.

Biologiya fakültəsi iki şöbədən ibarətdir. Şöbələrdən birində botanika elmi üzrə kurslar təklif edilir. Burada biologiya elminin prinsipləri, genetika, mikrobiologiya, sistematik zoologiya, həmçinin sistematik botanika və  mikologiya elmləri tədris olunur. Digər şöbə isə antropologiya, insan genetikası və zoologiya elmləri ilə məşğul olur.

Yer və Ətraf Mühit Elmi fakültəsi coğrafiya, yer və ətraf mühit elmləri bölmələrindən ibarətdir. Fakültənin devizi "Qlobal, regional  və  lokal  dəyişikliklərin  tədqiqi, anlaşılması və planlaşdırılması"dır.

Ali məktəbin tədqiqat mərkəzlərindən olan Reyçel Karson adına Ətraf  Mühit və Cəmiyyət Mərkəzi Münhen Universiteti ilə Alman Muzeyinin birgə təşəbbüsü əsasında yaradılıb. Mərkəz Almaniyanın Tədqiqat və Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Mərkəzin məqsədi ətraf mühitin qorunması üzrə aparılan siyasi və elmi debatlarda bəşəriyyətin rolunu gücləndirmək məqsədilə tədqiqat və müzakirələrin aparılmasıdır.

Digər əsas mərkəz kimi Tətbiqi Siyasi Tədqiqatlar Mərkəzinin  adını çəkmək olar. 1995-ci ildə yaradılan mərkəz Almaniyada Avropa və beynəlxalq məsələlər üzrə fəaliyyət göstərən siyasi tədqiqatlar institutlarındandır.

Universitetdə həmçinin Yaponiya, Beynəlxalq Səhiyyə, Nanoelmlər, Neyroelm-Beyin və İdrak mərkəzləri və s. fəaliyyət göstərir.

 

2002-ci ildən etibarən universitetin prezidenti Bernd Huberdir. Universitetdə ümumilikdə 14 minə yaxın əməkdaş çalışır. Onların 714 nəfərini professor-müəllim heyəti təşkil edir.

Münhen Lüdviq-Maksimilian Universitetinin müəllimləri arasında 1918-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən kvant nəzəriyyəsinin banisi Maks Plankın adını çəkmək olar. Ümumilikdə universitetin fizika, tibb və kimya sahələri üzrə 13 Nobel mükafatı laureatı var.

2011-2012-ci tədris ili üzrə Münhen Lüdviq-Maksimilian Universitetində 48857 tələbə təhsil alır. Onlardan 6615 nəfəri əcnəbi tələbələrdir. Hər il təxminən 5 min gənc mütəxəssis Münhen Lüdviq-Maksimilian Universitetinin məzunu olur. Universitetdə təhsil almaq istəyən əcnəbi tələbələr üçün irəli sürülən ilk və əsas şərtlərdən biri alman dilini mükəmməl bilməkdir. Bu məqsədlə universitetin tərkibində əcnəbilər üçün alman dili kursu təşkil edilir. Məşğələlər əsas hazırlıqla paralel, həmçinin tətil vaxtları keçirilir. Alman dili kursu 6 səviyyəyə bölünür. İlk səviyyələrdə dərs yükü həftədə 13-20 saat, sonuncu səviyyələrdə isə 4-20 saat təşkil edir.

Təhsil ocağında tədris ili iki semestrə bölünür. Fakültələr üzrə qəbul müxtəlif vaxtlarda həyata keçirilir. Qış semestri oktyabrın ortalarında başlayır və fevralda başa çatır. Yay semestri apreldən iyul ayına qədər davam edir. Qış semestrində təhsil üçün ərizələr oktyabrın, yay semestrində isə aprelin əvvəlinə qədər qəbul edilir.

Münhen Lüdviq-Maksimilian Universitetində 1400 alim doktorluq dərəcəsi almaq və təxminən 100 nəfər isə universitetdə çalışmaq hüququ əldə etmək üçün dissertasiya müdafiə edib. Ali məktəbdə dərslər 150 istiqamət üzrə aparılır. Burada demək olar ki,  bütün humanitar fənlər, o cümlədən riyaziyyat və təbiət elmləri tədris olunur. Universitet hüquq, iqtisadiyyat, ilahiyyat, tibb, psixologiya, pedaqogika, sosiologiya, tarix və filologiya elmləri sahəsində mütəxəssis hazırlığı ilə məşğul olur. Eyni zamanda ali məktəbdə Albaniya və Misir tarixi, mədəniyyəti, Cənub-Şərqi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatı kimi nadir ixtisaslara da yer verilib. Bununla yanaşı, universitetdə  tibb üzrə elmi-tədqiqat işlərini həyata keçirən  klinika fəaliyyət göstərir.

Münhen şəhərində 42 tələbə yataqxanası var. Bu yataqxanalar  9 min tələbə üçün nəzərdə tutulub. Lakin şəhərdə 9 universitetin fəaliyyət göstərdiyini, ümumilikdə həmin universitetlərin 100 min tələbəsinin olduğunu nəzərə alsaq (bunun 48 mini Münhen Lüdviq-Maksimilian Universitetinin payına düşür), yataqxanaların yetərli sayda olmadığı aydın görünür. Məhz buna görə də tələbələrin əksəriyyəti əsasən mənzil kirayələyirlər. 

Bu gün Münhen Lüdviq-Maksimilian Universiteti Almaniyanın ən tanınmış elmi tədqiqat mərkəzlərindən biridir. Universitet öz fəaliyyətində şəffaflıq, yaradıcı yanaşma və novatorluq prinsiplərinə üstünlük verir. Ali məktəb apardığı elmi tədqiqat işləri ilə nəinki Almaniyada, eləcə də bütün Avropada böyük nüfuz qazanıb və  yüksək nailiyyətlərə imza atıb.

Universitetin məşhur məzunları 

  Teodor Henş fizika üzrə Nobel mükafatı laureatı  
  Qerd Binninq fizika üzrə Nobel mükafatı laureatı  
  Verner Qeyzenberq fizika üzrə Nobel mükafatı laureatı  
  Maks fon Lauz fizika üzrə Nobel mükafatı laureatı  
  Vilhelm Konrad Rentgen fizika üzrə Nobel mükafatı laureatı  
  Vilhelm Vin fizika üzrə Nobel mükafatı laureatı  
  Konrad Lorenz tibb üzrə Nobel mükafatı laureatı  
  Karl Ritten fon Friş tibb üzrə Nobel mükafatı laureatı  
  Feodor Linen tibb üzrə Nobel mükafatı laureatı  
  Adolg Butennadt kimya üzrə Nobel mükafatı laureatı  
  Henrix Viland kimya üzrə Nobel mükafatı laureatı  
  Rixard Vilştetter kimya üzrə Nobel mükafatı laureatı  
  Adolf fon Bayer kimya üzrə Nobel mükafatı laureatı