Mançester Universiteti

2015-06-02 01:12:35

Mançester Universiteti

Mançester Universiteti

 
  Yerləşir:

 

Böyük Britaniya, İngiltərə, Mançester şəhəri

 
Yaranma tarixi: 1824-cü il
Tipi: Dövlət
İşçi heyəti: 5800 (akademik heyət)
Tələbələrin sayı: 35441 nəfər
İllik gəlirləri:  684 milyon funt-sterlinq
Rəsmi saytı: www.manchester.ac.uk

Mançester Universiteti  (Manchester University)  İngiltərənin şimal-qərb bölgəsinin ən böyük universitetidir  və eyniadlı şəhərdə yerləşir. Universitet Böyük Britaniyanın nəhəng elmi-tədqiqat universitetləri qurumu olan "Russell Qrupu"nun və elmi-tədqiqat layihələri üzrə "N8 Qrupu"nun üzvüdür. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının dünya universitetlərinin 2009-cu il üzrə reytinqində isə Mançester Universiteti dünyada 26-cı, Avropada 8-ci, Böyük Britaniyada 7-ci yerdə sıralanıb. Mançester Universiteti dünya elminə verdiyi töhfələri ilə tanınır.  

 

 

 

Büdcə xərcləri və təhsil haqqı

2009-2010-cu tədris ilində Mançester Universitetində təhsil haqqı yerli tələbələr üçün təxminən 3200 funt-sterlinq, əcnəbi tələbələr üçün isə 10000-15000 funt-sterlinq təşkil edib.

Mançester Universitetində hər bir məktəbin tələbələr üçün müxtəlif təqaüdləri mövcuddur. Həmin təqaüdlərə namizəd olmaq məqsədilə tələbələr qəbul ərizələrini göndərərkən universiteti bu barədə məlumatlandırmalıdırlar. Universitetdən əlavə, tələbələrin faydalanacağı "Britaniya Şurası" və s. qurumların da təqaüd proqramları var.  

Qəbul qaydaları 

Mançester Universitetində ərizələrin qəbulu Universitetlərə və Kolleclərə Qəbul Xidməti (Universities & Colleges Admissions Service - UCAS) vasitəsilə İnternet əsasında həyata keçirilir.  UCAS-da abituriyentlər özləri haqqında müxtəlif məlumatların saxlandığı səhifə açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir və müvafiq proqram üçün müraciət edilir. Müxtəlif proqramların fərqli tələb qaydaları olsa da, universitetlərin əksəriyyətinin tələbləri aşağıdakılara uyğun gəlir:

Niyyət məktubu - inşa şəkilində yazılan bu məktubda abituriyent proqrama nə üçün qəbul olunmaq istədiyini və bundan necə faydalanacağını göstərir.

Tövsiyə məktubları - akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktublardır.

Abituriyentin ingilis dilini bilməsini təsdiq edən sənədlərə- onların ingilis dilinə nə dərəcədə yiyələndiklərini təsdiq edən İELTS və ya TOEFL imtahanlarının nəticələri aid edilir.

Əlavə sənədlər - buraya akademik və iş fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr haqqında sənədlər daxildir. 

Universitet bu gün 

Mançester Universitetinin nəzdində 22 akademik məktəb və dünya əhəmiyyətli çoxsaylı sahələrin tədrisi və tədqiqatı ilə məşğul olan yüzlərlə tədqiqat institutları vardır. Burada dörd fakültə mövcuddur: Tibb və ictimai elmlər, Mühəndislik və fizika, Humanitar elmlər və Həyat elmləri.

Tibb və ictimai elmlər fakültəsi.

Mühəndislik və fizika fakültəsi.

Humanitar elmlər fakültəsi.

Həyat elmləri fakültəsi eyniadlı bir məktəbdən ibarətdir.

Universitetdə 200-ə yaxın müxtəlif adda proqramlar tədris olunur. Yayda isə 800 nəfərlik xüsusi məktəblər fəaliyyət göstərir.

Mançester Universitetinin nəzdində Aerokosmik Tədqiqatlar, Biotibbi Vizualizasiya, Bruks Yoxsulluqla Mübarizə, Dalton Nüvə Tədqiqatları, Sağlamlıq Haqqında Elmlər, Etika və İnnovasiya Elmləri, Neyroelmlər və s. institutlar  mövcuddur.

 

Mançester Universitetində, ümumilikdə, 15500 nəfər işlə təmin olunub. Onların 5800 nəfərini akademik heyət təşkil edir. Universitetin kansleri cənab Tom Blokshem, vitse-prezidenti professor Alan Gilbertdir.

Universitetdə cari ildə təhsil alan 35441 tələbənin 74 faizi bakalavr (26160 nəfər), qalanı isə magistratura və doktorantura pilləsi üzrə oxuyurlar. 2008-ci ildə bakalavr pilləsində təhsil almaq üçün 53300 nəfər universitetə ərizə ilə müraciət edib. Bu göstəriciyə görə, Mançester Universiteti Böyük Britaniyada birincidir. Universitetin 180 ölkədən olan əcnəbi tələbələrinin sayı 6305 nəfərdir.

Universitetin tələbə və məzunlarının işlə təmin olunması üçün Karyera Xidməti mövcuddur. AGR/Barkers Media Audit şirkətinin 2002-2007-ci illərdəki araşdırmasına əsasən, bu təşkilat Böyük Britaniyanın ən yaxşı işədüzəltmə xidmətidir. Mançester Universiteti məzunlarının işədüzəlmə göstəricisi də yüksəkdir, onların 94 %-i işlə təmin olunur.

Mançester Universitetində qiymət baxımından bir-birindən çox fərqlənməyən, müxtəlif səviyyəli otaqları olan universitet və özəl yataqxanalar vardır. Universitet yataqxanalarının böyük hissəsi Felloufild (Fallowfield) kampusunda yerləşir. Universitet yataqxanalarında 9200 nəfər otaqla təmin olunur. Yataqxanada yaşamaq üçün müraciət tədris ili başlamazdan öncə universitetin saytındakı müvafiq səhifədə hesab açaraq, ərizə göndərməklə həyata keçirilir. Ödəniş ildə 2 dəfə aparılır. Universitetə yaxın ərazidəki evlərdə otaqların kirayə qiymətləri baha olmadığından tələbələrin çoxu bu seçimə üstünlük verir.

Mançester Universiteti dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlıq edir və tələbələr qarşılıqlı əlaqələrin nəticəsində müxtəlif mübadilə proqramlarında iştirak etmək hüququna malikdirlər.  

Universitetin məşhur alim və məzunları 

Mançester Universitetində 23 Nobel mükafatçısı çalışaraq tədqiqat aparıb. Mançester Universitetinin tanınmış şəxslərindən atom nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, Ernest Marsdeni, Balfur Styuartı, riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni intellektin yaradıcılarından Alan Tyurinqi, məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq Vithenşteyni, radioastronomiyanın yaradıcısı Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. qeyd etmək olar.      

Mançester Universitetinin məşhur məzunları

  Corc Riçards  Trinidad və Tobaqonun prezidenti  
  Veytsman Xaim  İsrailin ilk prezidenti  
  Teo Hin Sinqapurun Baş naziri  
  Səid Musa Belizin sabiq Baş naziri  
  Camaluddin Carcis Malayziyanın sabiq elm, texnologiya və  innovasiya naziri  
  Marqarit Beket  Böyük Britaniyanın keçmiş ticarət və sənaye naziri  
  Xans Bete fizika üzrə Nobel mükafatçısı  
  Ernest Rezerford kimya üzrə Nobel mükafatçısı  
  Uolter Houors  kimya üzrə Nobel mükafatçısı  
  Con Polanyi kimya üzrə Nobel mükafatçısı  
  Con Salston  tibb və fiziologiya üzrə Nobel mükafatçısı  
  Arçibald Hill  tibb və fiziologiya üzrə Nobel mükafatçısı  
  Jozef Stiqlitz iqtisadiyyat üzrə Nobel mükafatçısı  
  Artur Luis iqtisadiyyat üzrə Nobel mükafatçısı  
  Robert Bolt ssenarist və iki Oskar mükafatçısı