Bristol Universiteti

2015-06-02 01:11:29

Bristol Universiteti

                                       Bristol Universiteti

Yerləşir: Böyük Britaniya, İngiltərə, Bristol şəhəri  
Yaranma tarixi: 1909-cu il
Tipi: Dövlət   
İşçi heyəti: 5038 nəfər
Tələbələrin sayı: 18144 nəfər
İllik gəlirləri:   373 milyon funt-sterlinq
İllik xərcləri: 375 milyon funt-sterlinq
Rəsmi saytı: www.bristol.ac.uk 

Bristol Universiteti (University of Bristol) Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Bristol Universiteti 100 ən yaxşı ali məktəb arasında 34-cü yerdədir.

Bristol Universiteti Rassel, Koimbra Ümumavropa qruplarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetin vitse-kansleri Erik Tomas hazırda Beynəlxalq Universitetlər Şəbəkəsinin sədridir. 

 

 

Büdcə və təhsil haqqı

Bristol Universitetində təhsil haqqı, dünyanın digər universitetlərində olduğu kimi, fakültə və proqramdan asılı olaraq fərqlənir. Burada bakalavr pilləsində təhsil haqqı 2009-2010-cu tədris ilində Böyük Britaniya və Avropa İttifaqından olan tələbələr üçün orta hesabla 3290 funt-sterlinq, magistratura pilləsində isə təxminən 4200 funt-sterlinq təşkil edib. Əcnəbi tələbələrin təhsil haqqı 11900, 14950, 27600 funt-sterlinq arasında dəyişir.

Bristol Universitetində tələbələrin ailə büdcəsindən asılı olaraq onlara təqaüd (maddi yardım) verilir. Əgər tələbənin ailə gəlirləri 25000 funt və ya daha aşağıdırsa, tələbəyə 1200 funt-sterlinq məbləğində təqaüd verilir. 25001-40000 funt-sterlinq ailə büdcəsinə malik tələbə 770, 40001-50020 funt-sterlinq ailə büdcəsinə malik  tələbə isə 310 funt-sterlinq dəyərində təqaüd alır. 

Universitet bu gün 

Bristol şəhəri çox maraqlı və gözəl liman şəhəridir. Burada insanlarla dolu, hay-küylü, qaynar şəhər həyatına malik və sakit kəndi xatırladan küçələr, qədim və müasir tikililər bir-birini əvəz edir. Teatrlar, kinolar, komediya klubları, muzeylər, qalereyalar, gözəl parklardan başqa, burada təşkil olunan müxtəlif festivallar, yarmarkalar, yarışlar şəhəri daha cəlbedici edir. Bristolu parkların, bağların, otluqların çoxluğuna görə "yaşıl şəhər" adlandırırlar. Şəhər sakinləri nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verirlər. Buna görə də bu şəhər ekoloji cəhətdən çox təmizdir.

Bristol Universitetinin yataqxanaları universitetin Klifton və Stok Bishop ərazilərində yerləşir. 2005-ci ilin sentyabrından yataqxanalar "A2Dominion Mənzil Qrupu" tərəfindən idarə olunur. Yataqxanalarda orta hesabla 3500-dən çox tələbə yerləşdirilə bilər. Stok Bishopda yerləşən Uills yataqxanası 1929-cu ildə universitetin kansleri olmuş Uinston Çörçill tərəfindən tikdirilib. Universitetin məşhur yataqxanalarından Çörçill, Bedok, Hiatt Beyker, Durdhem, Qoldni, Manor və s. qeyd etmək olar. Yataqxanalar kabel televiziyası, İnternet, camaşırxana, yeməkxana, idman zalları, tennis kortları, mağazalar, kafelər və digər xidmətlərlə təmin olunub. Müxtəlif millətləri və mədəniyyətləri təmsil edən tələbələrin bir yerdə yaşamalarına baxmayaraq, burada dostluq və mehribançılıq hökm sürür. 

2009-2010-cu ildə yataqxanalarda bir otağın 38 həftəlik qiyməti 4400-5030 funt-sterlinq, bir otaq və hamam 5500 funt-sterlinq, ümumi otaq isə 3600 funt-sterlinq olub. Yataqxanalarda ailəli, uşaqlı tələbələr üçün də şərait yaradılıb.

Sağlamlığı məhdud tələbələrə  universitetdə xüsusi xidmətlər göstərilir. Universitet şəhərciyində tələbələrin sərbəst hərəkətini təmin etmək üçün xüsusi avtobuslar mövcuddur, lakin tələbələr daha çox velosipedlərə üstünlük verirlər.

Universitetdə özəl yataqxanalar da mövcuddur. Özəl sektorda bir otağın 52 həftəlik qiyməti 3800 funt-sterlinqdir. Bundan əlavə, tələbə hər ay istilik sistemi, isti və soyuq su, elektrik enerjisi ilə təminat üçün 40 funt-sterlinq ödəməlidir. Demək olar ki, bütün tələbələr birinci kursdan sonra özəl yataqxanalarda qalırlar. Tələbələrin özəl yataqxanalarda məskunlaşmaları ilə Yerləşmə ofisi məşğul olur.

Bristol Universitetinin nəzdində 6 fakültəyə bölünmüş 34 departament fəaliyyət göstərir. Bunlar incəsənət, mühəndislik, tibb və stomatologiya, tibb və baytarlıq, sosial elmlər və hüquq, elmlər fakültələridir. Hər fakültəyə dörd ildən bir dəyişən  dekan rəhbərlik edir. İncəsənət fakültəsinə arxeologiya və antropologiya; teatr, kino, televiziya; incəsənət tarixi; musiqi; fəlsəfə; klassika və qədim dünya tarixi; ingilis dili; tarixi tədqiqatlar; ilahiyyat və dinşünaslıq; fransız dili; alman dili; İspaniya, Portuqaliya və Latın Amerikası tədqiqatları; italyan dili; rus dili  bölmələri daxildir. Mühəndislik fakültəsi aerokosmik sənaye; vətəndaş quruculuğu; kompüter elmləri; elektrik və elektron mühəndislik; riyaziyyat mühəndisliyi; maşınqayırma; dizayn mühəndisliyi bölmələrindən ibarətdir. Tibb və stomatologiya fakültəsinə Şimali, Cənubi Bristolda kliniki elmlər; tibb cəmiyyəti; stomatoloji elmlər; səhiyyə departamentləri daxildir. Tibb və baytarlıq fakültəsinə anatomiya; biokimya; hüceyrə və molekulyar tibb; kliniki baytarlıq elmi; fiziologiya və formakologiya bölmələri daxildir. Sosial elmlər və hüquq fakültəsi audiologiya; siyasət; ictimai fəaliyyət; sosiologiya; ali məktəb pedaqogikası; coğrafiya elmləri; siyasi tədqiqatlar; balans tədqiqatları; fiziki tərbiyə, qidalanma və sağlamlıq elmləri; mühasibatlıq və maliyyə; iqtisadiyyat; idarəetmə; hüquq; Şərqi-Asiya tədqiqatları  bölmələrindən ibarətdir. Elmlər fakültəsinə bioloji; coğrafi; yer haqqında elmlər; kimya; eksperimental psixologiya; riyaziyyat; fizika bölmələri daxildir.

Bristol Universiteti tələbələrə bakalavr, magistr, kiçik və böyük doktorluq dərəcələri təklif edir. Britaniya universitetlərində postnominal dərəcəsi də verilir.

 

Botanika bağı Stok Bishopda 1,77 hektar ərazidə yerləşir. Bağ 2005-ci ildən salınmağa başlayıb və bu layihə məzunların yüksək maddi yardımı sayəsində həyata keçirilib. Burada 4 mövzuda bitkilər becərilir: Təkamül, Aralıq dənizi iqlimi regionları, faydalı, yerli flora və nadir bitkilər. Botanika bağında Bağ Dizaynı Məktəbi mövcuddur. Məktəbdə müxtəlif kurs və proqramlar təşkil olunur. Uğurlu bağban olmaq istəyən şəxslər bura müraciət edə bilərlər.

Hazırda Bristol Universitetində ümumilikdə 5038 nəfər işçi çalışır. Onların 2271 nəfərini professor-müəllim heyəti, 524 nəfərini texniki, 2243 nəfərini isə inzibati heyət təşkil edir.

Bristol Universitetinin tələbələrinin ümumi sayı 18144 nəfərdir. Onların 12963 nəfərini bakalavrlar, 5181 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Bakalavr pilləsində təhsil alan əcnəbi tələbələr 1129, magistr və doktorantura pilləsində təhsil alan  əcnəbilər isə 1286 nəfərdir.

Universitetin məşhur məzunları 

  Nkosazana Dlamini-Zuma    Cənubi Afrika Respublikasının xarici işlər naziri  
  Manuel Esquivel Belizin sabiq Baş naziri  
  Alastair Sammerli  Guellph Universitetinin prezidenti  
  Bill MakMillan  Şərqi İngiltərə Universitetinin  vitse-kansleri  
  Devid Uilyam Rind  Siti Universitetinin vitse-kansleri  
  Jan-Mari Qüstav Le Klezio  yazıçı, Nobel mükafatı laureatı  
  Harold Pinter   yazıçı, Nobel mükafatı laureatı  
  Maks Delbruk    tibb üzrə Nobel mükafatı laureatı  
  Paul Dirak  fizika üzrə Nobel mükafatı laureatı  
  Nevill Mott  fizika üzrə Nobel mükafatı laureatı  
  Sesil Frank Pauell fizika üzrə Nobel mükafatı laureatı  
  Doroti Hodkin  kimya üzrə Nobel mükafatı laureatı  
  Ser Uilyam Ramsey  kimya üzrə Nobel mükafatı laureatı  
  Herxard Hersberq kimya üzrə Nobel mükafatı laureatı