Qlazqo Universiteti

2015-06-03 02:28:30

Qlazqo Universiteti

Qlazqo Universiteti

 
  Yerləşir: Böyük Britaniya Krallığı,  Şotlandiya, Qlazqo şəhəri  
Yaranma tarixi: 1451-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı: 6334 nəfər
Tələbələrin ümumi sayı: 21954 nəfər
İllik gəlirləri: 439471000 funt-sterlinq
İllik xərcləri: 432169000 funt-sterlinq
Rəsmi saytı: www.gla.ac.uk
 

 

Qlazqo Universiteti (University of Glasgow) Şotlandiyanın Qlazqo şəhərində yerləşir və Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Qlazqo Universiteti 100 ən yaxşı ali məktəb arasında 79-cu yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Qlazqo Universiteti 128-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 77-ci yerdə qərarlaşıb.  

Tarixi 

 

 

 

 

 

 

 

 

Artıq XX əsrdə Qlazqo Universiteti hüquq, tibb, baytarlıq, stomatologiya, texnika, sosial elmlər, qədim və müasir dillər, ədəbiyyat, ilahiyyat, tarix və digər sahələr üzrə tam ixtisas verən dövlət universitetinə çevrilir. Sənaye inqilabı dövründə ali məktəbin müəllimi Con Anderson işləyən kişi və qadınların peşə təhsili alması ilə bağlı universitetdə yeni layihələr həyata keçirir. C.Anderson bu işlərin davam etdirilməsi məqsədilə öz vəsiyyətnaməsində Anderson Kolleci yaradılmasını qeyd edir. 1964-cü ilədək fəaliyyət göstərən kollec həmin ildən Stratklayd Universitetinə çevrilir. 

Büdcəsi və təhsil haqqı 

Qlazqo Universitetində yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələrin bakalavr səviyyəsində illik təhsil haqqı 1820-2895 funt-sterlinqdir. Bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin təhsil haqqı təhsil proqramından asılı olaraq 10500-32000 funt-sterlinq arasında dəyişir. Universitetdə magistr, PhD səviyyələri üzrə yerli və Avropa Şurası ölkələrindən olanlar üçün təhsil haqqı 3732-13500, əcnəbi tələbələr üçün isə 10500-32000 funt-sterlinq arasındadır.  Burada təhsil haqqı ildən-ilə artır.

Dünyanın bir çox universitetlərində olduğu kimi, Qlazqo Universitetində də tələbələrə çoxlu sayda təqaüd təklif olunur. Yerli və Avropa Şurası ölkələrindən olan tələbələr üçün bakalavr səviyyəsində müxtəlif məbləğli Anqlo-İspan, Eliahou Dagoor, Şotland-İtalyan, Bakalavr İstedad, Merçents Haus Səyahət, GU68 Mühəndisləri, magistratura və doktorantura səviyyələri üzrə isə Anqlo-İspan, Karnegi-Kameron, Qlazqo Məzun, Henri Drier və s. təqaüdlər mövcuddur. Ali məktəbin əcnəbi tələbələri üçün bakalavriat səviyyəsində Beynəlxalq Excellence (ildə 3000 funt-sterlinq), GU68 Mühəndisləri (250-500 funt-sterlinq), magistratura və doktorantura səviyyələri üzrə isə Yeni Kurs Güzəşt (1000 funt-sterlinq) təqaüdləri təklif  edilir.   

Universitet bu gün 

Qlazqo Universitetinin binaları Şotlandiyanın müxtəlif şəhərlərində yerləşir. Ali məktəbin əsas kampusu Qlazqo şəhərinin Hillhed rayonundakı Gilmorehilldir. Bersden şəhərində Qlazqo Universitetinin Baytarlıq Məktəbi və idman kompleksləri, Damfrisdə Stomatologiya Məktəbi və Qlazqo, Qərbi Şotlandiya, Açıq universitetləri tərəfindən idarə olunan Krayton kampusu (1980-ci ildə açılıb) yerləşir. Bu kampus əsasən tədqiqatların aparılması üçün nəzərdə tutulub.  Qlazqo və Stratklayd universitetləri birgə olaraq Qlazqo İncəsənət Kolleci və Hərbi-dəniz memarlığı departamentlərini idarə edir. Əsas binadan qərbdə universitet avenyu və Kalvin çayı arasında universitetin Tibb, Baytarlıq və Bioloji Elmlər Kolleci yerləşir. Tibb Məktəbi Patrik ərazisinə və Qərbi Ümumi xəstəxanayadək uzanır.

Qlazqo Universitetində bir neçə məktəb və institutdan ibarət 4 kollec fəaliyyət göstərir.

İncəsənət Kolleci.

İctimai Elmlər Kolleci.

Dəqiq və Texniki Elmlər Kolleci.

Tibb, Baytarlıq və Bioloji Elmlər Kolleci Həyat elmləri, Tibb, Baytarlıq, Ali (magistr və doktorantlar üçün) məktəblərdən, Biomüxtəliflik, Heyvanların Sağlamlığı və Müqayisəli Tibb, Xərçəng Tədqiqatları, Ürək-Damar və Tibbi Elmlər, İnfeksiya, İmmunitet və İltihab, Molekulyar, Hüceyrə və Sistem Biologiyası, Dəqiq və Texnologiya Elmləri Kolleci ilə birgə fəaliyyət göstərən Nevrologiya və Psixologiya institutlarından ibarətdir.

Ali məktəbdə 6334 nəfər işçi çalışır. İşçilərin 1792 nəfərini idarəetmə, peşə və administrasiya, 1048 nəfərini əsas, 2607 nəfərini müəllim və tədqiqatçılar, 597 nəfərini texniki, 290 nəfərini isə kliniki heyət təşkil edir. 

Qlazqo Universitetində tələbələrin ümumi sayı 21954 nəfərdir. Tələbələrin 16588 nəfərini bakalavr, 5366 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər. Burada dünyanın 120 ölkəsindən minlərlə əcnəbi tələbə oxuyur. 

 

Tədris korpusları kimi universitet yataqxanaları da Qlazqo şəhərinin şimal-qərbində yerləşir. Burada 4000-ə qədər tələbə tutumuna malik yataqxana kompleksi mövcuddur. Bütün yataqxanalar İnternetə qoşulub, tələbələrin rahat hərəkətini təmin etmək üçün kampusda mikroavtobuslar işləyir. Merihill ərazisində ali məktəbin Murano-Strit Holls, Garscube Estate ərazisində Volfson Holls, Yorkhill ərazisində Kelvino Qeyts və Kernkross Haus yataqxana kompleksləri yerləşir. Son zamanlar Douanhilldə yerləşən Dalrimpl Haus və Horslethill Holls, Şimali Kelvinsaydda yerləşən Rayt Holl, Park Sirkdə yerləşən Maklay Holls yataqxanaları bağlanaraq satılıb. Gilmorehill kampusundakı Stivenson yataqxanası 1961-ci ildə açılıb. Bu yataqxanada fitnes mərkəzi, skvoş kortları, sauna və altı zolaqlı 25 metrlik hovuz mövcuddur. Qlazqo Universitetində təhsil alan bakalavrlar, əsasən Kernkross Haus, Kraliça Marqaret, Viktoriya Holl, Tələbə Mənzilləri, Murano Strit tələbə kəndi yataqxana komplekslərində qalmağa üstünlük verir. Volfson Holls yataqxanasında bir otağın qiyməti ildə 5184, Tələbə Mənzillərində 3199, Kernkross Hausda 2929, Kraliça Marqaret və Viktoriya Holl yataqxanalarında 4408, Murano Strit tələbə kəndində 3636 funt-sterlinq təşkil edir. Damfris kampusunda magistrant və doktorantlar yerləşiblər. İkimərtəbəli binalardan ibarət kompleksdə bir otağın qiyməti həftədə 113 funt-sterlinqdir. Bu məbləğə kommunal, İnternet, camaşırxana və şəxsi əşyaların sığorta xərcləri də daxildir. Yataqxanalarda məskunlaşmaq tələbələr üçün yeni dostlar tapmaq və zəngin həyat təcrübəsi toplamaq üçün ideal yerdir.

Qlazqo Universitetinin məzunları arasında 6 Nobel mükafatı laureatı, iki baş nazir (Henri Kempbell-Bannerman və Endryu Bonar Lou), Böyük Britaniyanın hazırkı müdafiə naziri Liam Foks, Liberal Demokratlar Partiyasının lideri Menzis Kempbell, Leyboristlər Partiyasının sabiq lideri Con Smit, Şotlandiyanın sabiq birinci naziri Donald Dyuar, Şotlandiyanın birinci nazirinin hazırkı müavini Nikola Stercen, dahi fizik Lord Kelvin, iqtisadçı Adam Smit, eləcə də Ceyms Uatt, Loqi Berd, İosif Blek, Con Boyd Orr, Frensis Hatçenson, Cozef Lister və b. kimi digər sahələr üzrə nailiyyət qazanmış şəxslər bitiriblər. Qlazqo Universitetinin qürur duyduğu məqamlardan biri də dünya alimlərinin həyatına həsr olunmuş Avropanın ən böyük kolleksiyasına malik olmasıdır.

Universitetin məşhur məzunları 

  Henri Kempbell-Bannerman  Böyük Britaniyanın sabiq Baş naziri  
  Endryu Bonar Lou  Böyük Britaniyanın sabiq Baş naziri  
  Liam Foks Böyük Britaniyanın müdafiə naziri     
  Menzis Kempbell Liberal Demokratlar Partiyasının lideri  
  Con Smit  Leyboristlər Partiyasının sabiq lideri  
  Donald Dyuar Şotlandiyanın sabiq birinci naziri (siyasi lider və Şotlandiya hökumətinin rəhbəri)  
  Nikola Stercen Şotlandiyanın birinci nazirinin müavini  
  Derek Barton kimya üzrə Nobel mükafatı laureatı  
  Uilyam Ramsay kimya üzrə Nobel mükafatı laureatı  
  Frederik Soddi kimya üzrə Nobel mükafatı laureatı  
  Aleksandr Baron Todd kimya üzrə Nobel mükafatı laureatı  
  Ceyms Blək tibb üzrə Nobel mükafatı laureatı  
  Con Boyd Orr  sülh üzrə Nobel mükafatı laureatı  
  Lord Kelvin dahi fizik, bir çox kəşflərin müəllifi  
  Ceyms Vatt  Şotland mühəndis-mexaniki, buxar maşınının ixtiraçısı  
  Adam Smit siyasi iqtisadiyyatın yaradıcılarından biri  
  Frensis Hatçenson filosof, şotland maarifinin yaradıcılarından biri