Nottingem Universiteti

2015-06-03 02:29:23

Nottingem Universiteti

Nottingem Universiteti

 
  Yerləşir: Böyük Britaniya, İngiltərə, Nottingem şəhəri  
Yaranma tarixi: 1798-ci il
Tipi: Dövlət
İşçi heyəti: 7828  nəfər
Tələbələrin ümumi sayı: 40829 nəfər
İllik gəlirləri: 510600000  funt-sterlinq
İllik xərcləri: 474600000 funt-sterlinq
Rəsmi saytı: www.nottingham.ac.uk
 

 

Nottingem Universiteti (University of Nottingham) İngiltərənin Nottingem şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Nottingem Universiteti 100 ən yaxşı ali məktəb arasında 91-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Nottingem Universiteti 174-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 73-cü yerdə qərarlaşıb. "QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlinə əsasən Nottingem Universiteti 74-cü yerə layiq görülüb.  

Nottingem Universiteti Rassell, Universitetlər 21, Satton 13 qruplarının, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Böyük Britaniya Universitetləri Şəbəkəsinin üzvüdür. 

   

Büdcəsi və təhsil haqqı 

2011-2012-ci tədris ilində Nottingem Universitetində bakalavr səviyyəsində təhsil haqqı 11900-23300 funt-sterlinq təşkil edib. Magistratura səviyyəsində təhsil haqqı 11990-21630, doktorantura səviyyəsində isə 11990-20500 funt-sterlinq olub.

 Nottingem Universitetində tələbəyə bir ay ərzində 700 funt-sterlinq lazım  gəlir. Bu məbləğə yataqxana, qidalanma, nəqliyyat, kitab, avadanlıq və digər lazımi əşyalar daxildir. Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq sərf olunan vəsait dəyişə də bilər.  

Universitet bu gün 

Nottingem Universitetinin Nottingem şəhərində 5 tələbə şəhərciyi mövcuddur. Universitet Parkı kampusu şəhərin mərkəzindən qərbdə 1,3 km²  (330 akr) ərazidə yerləşir və ali məktəbin əsas şəhərciyidir. Hayfilds gölünün sahilində yaşıllıqların arasında yerləşən kampus ölkənin ən gözəl yerlərindən biri hesab olunur. Kampus landşaftı və memarlıq üslubuna görə bir çox mükafatların qalibi olub.

Nottingem Universitetində 5 fakültə fəaliyyət göstərir:

İncəsənət fakültəsi.

Sosial elmlər fakültəsi.

Dəqiq elmlər fakültəsi.

Maşınqayırma fakültəsi.

Tibb və səhiyyə fakültəsi.

 

Nottingem Universitetində 15 yataqxana kompleksi fəaliyyət göstərir. Bütün nömrələrdə çarpayı, yazı masası, paltar şkafı və digər mebel mövcuddur. Tələbələrin evlə əlaqə saxlamaları üçün otaqlar telefon və İnternetlə təchiz olunub. Universitet şəhərciklərində yerləşən bu yataqxanalarda 5 minə yaxın tələbə yaşayır. Tələbələrin gündə üç dəfə qidalanması yataqxana haqqına daxildir.

Universitet Parkı kampusunda 12 yataqxana (Ankaster, Kavendiş, Kripps, Derbi, Florensiya But, Hyu Stüart, Lenton və Vortli, Linkoln, Naytinqeyl, Ratlend, Şervud, Uilloubi) yerləşir və burada 3200-dən çox tələbə məskunlaşıb. Yubiley kampusunda Melton, Nyuark, Sautuell yataqxanaları fəaliyyət göstərir. Yataqxanalar ciddi mühafizə olunur, tələbələr üçün təhlükəsizlik və tibbi xidmətlər göstərilir. Universitetə yeni qəbul edilən əcnəbi tələbələrin böyük əksəriyyəti yataqxanalarda otaqlarla təmin edilir. Yataqxanalarda otaqların 1 günlük qiyməti 16-57 funt-sterlinq arasında dəyişir. Portlend binasında Tələbə Təşkilatı, kitab mağazası yerləşir.

Nottingem şəhərində işçilərin sayı 7035, Malayziyada 465, Çində isə 328 nəfərdir. 

2010-2011-ci tədris ilində Nottingem Universitetinin dünya üzrə bütün kampuslarında ümumilikdə 40829  tələbə təhsil alıb. Belə ki, Nottingem şəhərində universitetin 32999, Malayziyada 3399, Çində isə 4431 nəfər tələbəsi oxuyub.

Universitetin məşhur məzunları 

  Tun Razak   Malayziyanın baş naziri  
  Zeynəb Banqura  Syerra-Leone dövlətinin sabiq xarici işlər naziri  
  Sultan Tuanku Cəfər Malayziyanın 10-cu kralı  
  Sultan Raca Azlan Şah Malayziyanın  9-cu kralı  
  Sultan Tuanku Bahiyah Malayziyanın 5-ci kralı  
  Tenqku Tan Sri Əhməd Rithaudden Malayziyanın sabiq müdafiə naziri  
  Lətifə Əl Qaood  Bəhreyn Nümayəndələr Şurasının ilk qadın üzvü  
  Piter Mensfild tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Yan Vilmunt  ingiltərəli embrioloq, klonlaşdırma üzrə mütəxəssis  

                

Universitetin məşhur müəllimləri

  Hyu Qeytskell  Böyük Britaniyanın sabiq maliyyə naziri  
  Maykl Layons "BBC Trust" şirkətinin sabiq sədri  
  Syuy Çjihun  Pekin Universitetinin sabiq prezidenti  
  Andre Geym fizika üzrə Nobel mükafatı laureatı  
  Piter Mensfild fizika üzrə Nobel mükafatı laureatı  
  Klayv Qrencer iqtisadiyyat üzrə Nobel mükafatı laureatı