Lids Universiteti

2015-06-03 02:30:03

Lids Universiteti

Lids Universiteti

 
  Yerləşir:  Böyük Britaniya, İngiltərə, Lids şəhəri  
Yaranma tarixi: 1831-ci il
Tipi: Dövlət
İşçi heyəti:  7645 nəfər
Tələbələrin ümumi sayı: 33002  nəfər
İllik tədqiqat gəlirləri: 119 milyon funt-sterlinq
Rəsmi saytı: www.leeds.ac.uk
 

Lids Universiteti (University of Leeds) İngiltərənin  Qərbi Yorkşir vilayətinin Lids şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Universitet tələbə sayının çoxluğuna görə ölkənin ikinci ən böyük ali məktəbidir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Lids Universiteti 100 ən yaxşı ali məktəb arasında 99-cu yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Lids Universiteti 168-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 85-ci yerdə qərarlaşıb. "QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlində Lids Universiteti 93-cü, "Times Higher Education World University Rankings"in cədvəlində isə 133-cü yerdə dayanır.  

Lids Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər, Santander şəbəkələrinin, Ağ Qızılgül Universitet Konsorsiumunun  üzvüdür. 

 

 

Universitet bu gün 

Lids Universiteti Lids şəhərində ümumilikdə 498 hektar (1230 akr) ərazini əhatə edir. Universitetin əsas kampusu Lids şəhərinin mərkəzindən 1,6 km şimalda yerləşir və 40 hektar ərazidən ibarətdir. Kampus əsasən qotik, art deko, brutalist və postmodern üslublarda inşa edilmiş binalardan ibarətdir. Kampusun əsas girişi Parkinson binasının yaxınlığındakı Vudhaus Leyndir. Kampusda yerləşən möhtəşəm binalardan universitetin Parkinson, Biznes Məktəbi, Qret Holl, Rocer Stivens və s. tikililərini qeyd etmək mümkündür. Lids Universitetinin kampusu müxtəlif üslublarda inşa edilmiş binalarla yanaşı yaşıllığı ilə də diqqəti cəlb edir. Yaşıl parklar, təbii ot örtüyü universitetə gələnlərin gözünü oxşayır və tələbələrin istirahət etdiyi əsas yerlərdəndir.

Lids Universitetində dekanlar tərəfindən idarə olunan, 560 bakalavr, 300  magistr və doktorluq kursları təklif edən 9 fakültə fəaliyyət göstərir.

İncəsənət fakültəsi.ldir.

Biologiya fakültəsi.

Biznes fakültəsi.

Təhsil, sosial elmlər və hüquq fakültəsi.

Mühəndislik fakültəsi.

Ətraf mühit fakültəsi.

Riyaziyyat və fizika elmləri fakültəsi.

Tibb və sağlamlıq elmləri fakültəsi.

İfaçılıq, təsviri incəsənət və kommunikasiya fakültəsi.

Lids Universitetində ümumilikdə 33002 nəfər tələbə təhsil alır. Onların 25000  nəfəri bakalavr, 8000 nəfəri isə magistr və doktorantlardır. Tələbələrin 29015 nəfəri əyani, 3987 nəfəri isə qiyabi təhsil alır. Universitetdə dünyanın 142 ölkəsindən minlərlə əcnəbi tələbə oxuyur.

 

Universitetdə yerli, əcnəbi tələbələri, tədqiqatçıları, əməkdaşları yerləşdirə biləcək yataqxanalar fəaliyyət göstərir. Yataqxanaların 4-ü (Moris Holl, Henri Prays, Ellersli Holl və Liddon Holl) kampus daxilində, digər yataqxanalar isə kampusdan kənarda fəaliyyət göstərir. Bu yataqxanalar Karr Mils, Klarens Dok, Ceyms Beyli Park, Leodis, Lupton, Montaqu Barton, Nort Hill Kart, Opal 3, Oksli, Sentinel, Tenneri, Şimmin və Sent Marksdır. Lids Universitetinə qəbul olunan bütün birinci kurs tələbələrinə yataqxanada otaqla təmin olunmaları haqqında zəmanət verilir. Yataqxanada otaqla təmin oluna bilməyən tələbələr özəl şirkətlərin təklif etdiyi yataqxanalardan da yararlana bilərlər.

Lids Universiteti təlim və tədqiqat sahəsində qazandığı nailiyyətləri bölüşmək üçün dünyanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Avropanın bir çox ali məktəbi kimi Lids Universiteti də Erasmus Mundus proqramında iştirak edir, tələbə mübadiləsi proqramını həyata keçirir və  qlobal tədqiqatlar aparmaqla dünyanın diqqətini özünə cəlb edir.  

Universitetin məşhur məzunları 

  Bekele Geleta Monqolustanın sabiq prezidenti  
  Cek Strou  Böyük Britaniyanın sabiq dövlət katibi  
  Mark Biford BBC-nin baş direktorunun müavini  
  Nikolas Uitçel  BBC-nin xəbərlər üzrə müxbiri  
  Uilyam Henri Breq fizika üzrə Nobel mükafatı laureatı  
  Corc Porter   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Pyers Sellers  NASA-nın astronavtı  
  Kris Payn amerikalı Hollivud aktyoru