Şeffild Universiteti

2015-06-14 13:36:13

Şeffild Universiteti

Şeffild Universiteti

 
  Yerləşir: Böyük Britaniya,  İngiltərə, Şeffild şəhəri  
Yaranma tarixi: 1897-ci il
Tipi: Dövlət
İşçi heyəti: 5533 nəfər
Tələbələrin ümumi sayı: 24916 nəfər
İllik gəlirləri: 408610000 funt-sterlinq
İllik xərcləri: 388929000 funt-sterlinq
Rəsmi saytı: www.sheffield.ac.uk
 

 

Şeffild Universiteti (University of Sheffield) İngiltərənin Cənubi Yorkşir əyalətindəki Şeffild şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Şeffild Universiteti 100 ən yaxşı ali məktəb arasında 82-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Şeffild Universiteti 137-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 69-cu yerdə qərarlaşıb.

Şeffild Universiteti Russell, N8 qruplarının, Avropa Universitetləri Assosiasiyasının, Dünya Universitetləri Şəbəkəsinin və Ağ Qızılgül Universitetləri Konsorsiumunun üzvüdür. 

Tarixi 

Şeffild Universiteti üç kollecin birləşdirilməsi nəticəsində yaranıb.

Büdcəsi və təhsil haqqı

2010-2011-ci tədris ilində Şeffild Universitetində yerli və Avropa Şurası ölkələrini təmsil edən tələbələrin bakalavr səviyyəsində təhsil haqqı 3000 funt-sterlinq təşkil edib. 2011-2012-ci tədris ilində həmin məbləğin 6000-9000 funt-sterlinqə qədər qaldırılması nəzərdə tutulur. Təhsil haqqının qaldırılması yalnız yerli və Avropa Şurası ölkələrini təmsil edən tələbələr üçün nəzərdə tutulub. 2011-2012-ci tədris ilində universitetdə bakalavr səviyyəsi üzrə oxuyan əcnəbi tələbələrin təhsil haqqı İncəsənət və İctimai elmlər fakültələrində 11490-13330, Saf elmlər fakültəsində 13330-15100, Mühəndislik və Tibb fakültələrində 15100-27290 funt-sterlinq olacaq. Həmin tədris ilində magistratura və doktorantura səviyyələri üzrə oxuyan tələbələrin təhsil haqqı yerli tələbələr üçün 3732-18732 (Tibb fakültəsində), əcnəbi tələbələr üçün isə 11490-42290 (Tibb fakültəsində) funt-sterlinq arasında dəyişir.  

Universitet bu gün 

Şeffild Universitetində 5 fakültə, 50 departament, 82 institut və elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda Yunanıstanın Saloniki şəhərində Şeffild Universitetinin Beynəlxalq fakültəsi mövcuddur.

İncəsənət və humanitar elmlər fakültəsi.

Mühəndislik fakültəsi.

Saf elmlər fakültəsi..

İctimai elmlər fakültəsi.

Tibb, stomatologiya və səhiyyə fakültəsi.

Yunanıstanın Saloniki şəhərindəki Siti Kollecdə fəaliyyət göstərən universitetin Beynəlxalq fakültəsi Biznes administrasiyası və iqtisadiyyat, Kompüter elmləri, Psixologiya, Humanitar və sosial elmlər departamentlərindən, İcraedici Təhsil Mərkəzindən ibarətdir.

Universitetdə  ümumilikdə 5533 nəfər işçi çalışır. İşçilərin 397 nəfərini professor, 1160 nəfərini akademik, qalanlarını isə inzibati heyət təşkil edir.

2010-2011-ci tədris ilində universitetdə təhsil alan tələbələrin sayı ümumilikdə 24916 nəfər təşkil edib. Tələbələrin 4000-ə qədəri dünyanın 130 ölkəsindən olan əcnəbi tələbələrdir.

Şeffild Universitetinin yataqxanaları Şeffild şəhər mərkəzinin qərbində yerləşir. Burada universitetin Tapton, Endkliff Veyl, Yarımay, Kru mənzilləri, Berbaj, Stanec, Houden, Froqqat, Rivelin, Yarnkliff, Berçen, Kerbar, Kartkliff, Lourensfild, Deruent yataqxana kompleksləri, Endkliff Tələbə kəndi mövcuddur. Bu ərazidə tikilmiş yeni yataqxana kompleksləri 2007-ci ilə aid Berbaj, 2009-2010-cu tədris ilində istifadəyə verilmiş 1200 nəfərlik Renmur Tələbə kəndidir. Universitet tələbələrin qalmaqları üçün özəl mənzillər də təklif edir. Endkliff Tələbə kəndində otaqların illik qiyməti 3272-5558, Renmur Tələbə kəndində 4577-6882, əsas və mərkəzi kampuslardakı yataqxanalarda isə 3748-4948 funt-sterlinq arasında dəyişir.  Ümumiyyətlə, Şeffild şəhəri Böyük Britaniyada yaşamaq və oxumaq üçün ən əlverişli və ucuz şəhərlərdən biridir.

Şeffild Universitetinin tələbə təşkilatı 1906-cı ildə yaradılıb. Tələbə təşkilatının xüsusi kafeləri, restoranları, klubları, kinoteatrı, supermarketi, idman zalları, yüzlərlə idman komandası, teatr truppası, Forge tələbə radiostansiyası, "Forge Press" tələbə qəzeti və digər xidmət sahələri mövcuddur.  Universitetin 26 idman komandası mövcuddur. Onların idman formaları qara və qızılı rənglərdən ibarətdir. Universitetdə oğlanlardan ibarət badminton, boks, basketbol, kanoe-polo, Amerika futbolu, futbol, futzal, xokkey, örtülü kriket, lakross, reqbi, voleybol, su polosu, xizəkçilik, qızlardan ibarət badminton, basketbol, kanoe-polo, futbol, futzal, xokkey, örtülü kriket, lakross, voleybol, su polosu, xizəkçilik, qız və oğlanlardan ibarət atletika, velosport, Muay Tay boksu, qolf, frizbi, dzü-do, korfboll, lakross, avarçılıq, skvoş, üzgüçülük, tennis, xizəkçilik və digər idman komandaları fəaliyyət göstərir.

Şeffild Universiteti fəaliyyəti dövründə çoxlu sayda yazıçı, alim və iş adamı yetirib. Universitetin məşhur məzunları arasında ədəbi tənqidçi Uilyam Empson, yazıçı Ancela Karter, siyasi nəzəriyyəçi Bernar Krik, beş Nobel mükafatı laureatı var. Bu ali təhsil müəssisəsində geniş sahələri əhatə edən yüksək səviyyəli təhsil və tədris mövcuddur və dünya səviyyəli tədqiqatlar aparılır. Universitet "Boeing", "Rolls Royce", "Unilever", "Boots", "AstraZeneca", "Slazenger" və s. kimi dünya şöhrətli şirkətlər və xeyriyyə fondları, eləcə də bir çox ölkənin nüfuzlu ali məktəbləri ilə tədqiqat əməkdaşlığı aparır.   

 

Universitetin məşhur məzunları 

  Nikolas Liverpul Dominikan Respublikasının Prezidenti  
  Devid Blankett  Böyük Britaniyanın sabiq daxili işlər naziri  
  Baronessa Teylor Böyük Britaniyanın sabiq müdafiə naziri  
  Frederik Arçibald Uorner Avropa Parlamentinin sabiq üzvü  
  Kadi Sesay Syerra-Leone dövlətinin sabiq ticarət və sənaye naziri  
  Stüart Piç Böyük Britaniyanın aviasiya marşalı, Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri  
  Lim Neo Çian Sinqapur hərbi qüvvələrinin sabiq rəhbəri  
  Uesli Karr Böyük Britaniya Vestminister abbatlığının sabiq dekanı  
  Hovard Flori  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Hans Krebs  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Riçard Roberts tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Corc Porter kimya üzrə Nobel mükafatı laureatı  
  Harri Kroto kimya üzrə Nobel mükafatı laureatı  
  Helen Şarman Böyük Britaniyanın ilk astronavtı  
  Con Tompson Kanada şairi  
  Li Çayld, Coan Harris Böyük Britaniya yazıçıları   
  Toni Mils   Böyük Britaniyanın şahmat üzrə ilk qrossmeysteri