Birminhem Universiteti

2015-06-14 13:37:30

Birminhem Universiteti

Birminhem Universiteti

 
  Yerləşir: Böyük Britaniya, İngiltərə, Birminhem şəhəri  
Yaranma tarixi: 1825-ci il - Birminhem Tibb Məktəbi 1900-cü il - universitet statusu almışdır
Tipi: Dövlət
İllik gəlirləri: 462373000 funt-sterlinq
İllik xərcləri: 440105000 funt-sterlinq
İşçi heyəti:  6000 nəfər
Tələbələrin ümumi sayı: 26073 nəfər
Rəsmi saytı: www.birmingham.ac.uk
 

Birminhem Universiteti (University of Birmingham) İngiltərənin Birminhem şəhərində Vest-Midlends vilayətində yerləşir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Birminhem Universiteti 100 ən yaxşı ali məktəb arasında 66-cı yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Birminhem Universiteti 145-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 59-cu yerdə qərarlaşıb.  

Tarixi 

1825-ci ildə cərrah Uilyam Sands Koks Birminhem şəhərində atasının evində tələbələr hazırlamağa başlayır. 1836-cı il iyunun 22-də qraf Hou və digər bir sıra nüfuzlu şəxslər kral IV Vilhelmə Birminhem şəhərində tibb məktəbi yaradılması haqqında memorandum təqdim edirlər və kralın razılığını alırlar.  Bundan sonra Birminhem şəhərində Kral Tibb və Cərrahiyyə Məktəbi açılır.

Birminhem Universitetinin tələbə şəhərciyi2010-cu il aprelin 29-da Böyük Britaniyada ümumi seçki kampaniyası zamanı BBC kanalının təşkil etdiyi partiya liderlərinin televiziya debatının finalı Birminhem Universitetində təşkil olunub.  

Büdcəsi və təhsil haqqı 

Birminhem Universitetinin Aston Vebb binası

Birminhem Universitetində təhsil haqqının məbləği tələbənin yerli, Avropa Şurası ölkələrindən və ya əcnəbi olmasından asılı olaraq dəyişir. Təhsil haqqına tədris, imtahan, buraxılış, Tələbə Gildiyasına (təşkilatına) üzvlük xərcləri də daxildir. 2010-2011-ci tədris ilində Birminhem Universitetində təhsil alan yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələrin təhsil haqqı bakalavr pilləsində ildə 3290, magistratura və doktorantura pillələrində isə 4650 funt-sterlinq təşkil edir. Əcnəbi tələbələrin təhsil haqqı bütün pillələrdə onların təhsil aldıqları ixtisasa görə fərqlənir (11340-26590 funt-sterlinq). Erasmus proqramı çərçivəsində təhsil alan tələbələrdən təhsil haqqı tutulmur. Təhsil haqqı, adətən, tədris ilinin əvvəlində ödənilməlidir.

Birminhem Universitetində maddi çətinlik çəkən, ailə büdcəsi müəyyən edilmiş məbləğdən aşağı olan, təhsil haqqını tam ödəyə bilməyən, eləcə də yüksək akademik və yaradıcılıq, idman və s. nəticələr göstərən tələbələr üçün kredit, təqaüd və qrantlar təklif olunur. Yüksək göstəricilərə malik, illik ailə büdcəsi müəyyən edilmiş məbləğdən (36170 funt-sterlinq) aşağı, Böyük Britaniya vətəndaşı olan, əyani təhsil alan tələbələrə 877-20906 funt-sterlinq dəyərində qrant, 1316 funt-sterlinq təqaüd verilir.

Myuirhed qüllələriƏcnəbi tələbələrə universitetdə bir sıra beynəlxalq təqaüd proqramları təklif olunur, həmin proqramların əksəriyyəti magistrant və doktorantlar üçün nəzərdə tutulur. Beynəlxalq diplomdan sonra təhsil təqaüdü bütün ölkələrdən olan magistrantlara verilir, İslam İnkişaf Bankı Təqaüdü  56 ölkədən olan tələbələr üçün nəzərdə tutulur, QE II təqaüdü isə "Universitetlər 21" Assosiasiyası ölkələrinin magistrantları üçündür. Yaxın Şərq və Afrika ölkələrini təmsil edən tələbələr üçün Alan və Nesta Ferquson Xeyriyyə Fondu təqaüdü, Suriya, Livan, Fələstin və İordaniyadan olan tələbələrə Səid Fondu təqaüdü, ukraynalı tələbələrə Ukrayna Viktor Pinçuk təqaüdü, Asiya ölkələrindən olan tələbələrə Çin Diplomdan Sonra Təhsil, Li Siquanq, Honq Konq, Çarlz Uolles Hindistan Trest təqaüdləri, amerikalı tələbələrə isə ABŞ Təqaüd Proqramı, Birminhem Marşall təqaüdləri verilir.    

Universitet bu gün 

 Birminhem Universitetinin əsas kampusu Birminhem şəhərinin cənub-qərbində Edcbaston ərazisində 5 km yaxın sahəni əhatə edir. Bu ərazidəki 100000 m2 torpaq sahəsi universitetə 1900-cü ildə Lord Kaltorp tərəfindən verilib.

Birminhem Biznes MəktəbiBirminhem Universitetində 5 kollec mövcuddur.

İncəsənət və Hüquq Kollecinə Birminhem Hüquq; İngiltərə, Amerika və Kanada Teatr Tədqiqatları (keçmiş İngiltərə, Amerika və Kanada, Drama və teatr incəsənəti departamentləri); Tarix və Mədəniyyət; Dillər, Mədəniyyətlər, İncəsənət tarixi və musiqi; Fəlsəfə, İlahiyyat və Din məktəbləri, Arxeologiya və Antik Mədəniyyət İnstitutu daxildir.

Universitetin Tələbə Gildiyasının binasıMühəndislik və Fiziki Elmlər Kollecində dəqiq elmlər, texnologiya, mühəndislik, riyaziyyat üzrə elmi-tədqiqatlar həyata keçirilir və yeni nəsil mühəndis və alimlər hazırlanır. 

Həyat və Ətraf Mühit Haqqında Elmlər Kolleci həyatın müxtəliflik və təkamül problemləri, bioresurslardan və təbiətdən istifadə məsələlərini öyrənir, ekologiya tədqiqatlarından başlayaraq xərçəng xəstəliyi, məhkəmə psixologiyasının öyrənilməsinə qədər nəzarət edir.

Tibb və Stomatologiya Kolleci tibb, səhiyyə, stomatologiya, əczaçılıq üzrə gələcək mütəxəssislər hazırlayan ali təhsil ocağıdır.

İctimai Elmlər Kollecinə Birminhem Biznes; Təhsil; Hökumət və Cəmiyyət; İctimai Fəaliyyət məktəbləri daxildir.

Mühəndislik və Fiziki Elmlər Kollecində dərsUniversitetin Birminhem Biznes, Tibb məktəbləri, Beynəlxalq İnkişaf Departamenti, Qərbi Afrika Tədqiqatları Mərkəzi, Yerli İdarəetmə Tədqiqatları, Şekspir, Ayronbric institutları, universitet rəsədxanası dünya üzrə məşhur elmi-tədqiqat müəssisələridir. Birminhem Universiteti rəsədxanasında ali məktəbin fizika, astrofizika, astronomiya proqramları üzrə təhsil alan tələbələr tədqiqatlar aparır, göy cismlərini müşahidə edir və təcrübələr keçirirlər. 

Birminhem Universitetinin Tibb Məktəbi və Kraliça Elizabet xəstəxanası Avropanın ən böyük tibb mərkəzindən biridir. Burada xərçəng, immunologiya, qan-damar xəstəlikləri, nevrologiya və endokrinologiya üzrə ən müasir tədqiqatlar həyata keçirilir.

Universitetin əsas kampusu Universitetdə akademik, texniki, rəhbərlik, dəftərxana və digər vəzifələrdə 6000 nəfərə yaxın işçi çalışır. Ali məktəbin müəllimlərinin 27%-ni əcnəbilər təşkil edirlər.

Birminhem Universitetində 26073 nəfər tələbə təhsil alır. Onların 17355 nəfərini bakalavr, 8718 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Burada dünyanın 150 ölkəsindən 4759 tələbə təhsil alır. Bu universitet əcnəbi tələbələrinin sayına görə Böyük Britaniyanın 4-cü ali məktəbidir. Universitetdə Erasmus mübadilə proqramı çərçivəsində Avropanın aparıcı ali məktəbləri arasında tələbə mübadiləsi həyata keçirilir. Birminhem Universiteti Avropa məkanında 236, Avropadan kənarda isə 45 ali məktəblə əməkdaşlıq edir.

Universitetdə tələbələrə geniş çeşidli yataqxanalar təklif olunur. Burada özünəməxsus tələbə kəndləri mövcuddur. Pritkatts Park kəndi Edcbaston ərazisində  yerləşir və 1000-ə yaxın tələbə tutumuna malikdir. Pritkatts Park kəndi Eşkroft, Okli Kort, Pritkatts Evi, Spinni adlı ayrı-ayrı yataqxana komplekslərindən ibarətdir. Selli-Ouk kəndi bir yataqxana korpusundan - Carratt Holldan ibarətdir və əsas kampusun cənubundadır. Mərkəzi həyəti olan yataqxana 3-6 çarpayılı, ümumi mətbəx, vanna və istirahət otaqlarına malik apartamentlərdən ibarətdir. Veyl kəndi Birminhem şəhərinin mərkəzindən 3 km aralıda əsas kampusun yaxınlığında yerləşir. Gölün kənarındakı bu yataqxana çox sakit və gözəl landşafta malik ərazidədir. Yataqxana otaqlarının xüsusi mətbəxi və hamamı var. Biçis yataqxanasında tələbələrə 240 bir nəfərlik otaq təklif olunur və hər bir otaq yüksək standartlara cavab verən avadanlıqlarla, xüsusi mətbəx, vanna və qonaq otaqları ilə təchiz edilib. Hanter Kort yataqxanası 334 tək nəfərlik otaqlar təklif edir, xüsusi mətbəx, vanna otağına malikdir, avadanlıqlarla təchiz olunub. Universitetin yaxınlığında tikilmiş müasir Viktoriya Holl yataqxana kompleksi ən yüksək şəraitə malik otaqlardan ibarətdir. Bütün yataqxana otaqları mebel, lazımi avadanlıqlar, telefon və İnternet xətləri ilə təmin olunub. Yataqxanalarda yerləşməmişdən öncə tələbələr 550 funt-sterlinq ödəməlidirlər. Otaqların qiymətləri müxtəlifdir və qiymətlər siyahısı tələbə qeydiyyatdan keçdikdən sonra təqdim edilir.

Birminhem Universiteti beynəlxalq arenada xüsusi nüfuza malik ali təhsil müəssisəsidir. Bu elmi-tədqiqat mərkəzi indiyədək əldə etdiyi nailiyyətlərlə qürur duyur və səylə daha uğurlu yeniliklərə imza atır. Universitetin vitse-kansleri Devid İstvud rəhbərlik etdiyi ali məktəbi belə səciyyələndirir: "Biz artıq ən yaxşı universitetlərin yer tutduğu yüzlükdə yer almışıq. Lakin universitetimiz bununla kifayətlənmir və qlobal tədqiqat ali məktəbləri arasında ən aparıcı mövqelərdə qərarlaşmaq niyyətindədir. Universitet keyfiyyətli təhsili, savadlı, səmimi və mehriban işçi heyəti, biliyə, yeniliklərə can atan tələbələri sayəsində arzuladığı nəticələri əldə etməsinə əmindir".

Birminhem Universiteti "Universitetlər 21" qlobal şəbəkəsinin, Böyük Britaniyanın 20 ali məktəbini birləşdirən Rassel qrupunun, Avropa Universitetləri (European University Association), Birlik Universitetləri (Association of Commonwealth Universities) assosiasiyalarının üzvüdür.  

Universitetin məşhur məzunları 

  Manuçöhr Mirzə Fərman İran şahzadəsi  
  Seeiso Lesoto Cənubi Afrika şahzadəsi  
  Stenli Bolduin  Böyük Britaniyanın sabiq baş naziri  
  Nevill Çemberlin Böyük Britaniyanın sabiq baş naziri  
  Qladston Perri Kristi  Bahama adalarının baş naziri  
  Baronessa Amos BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru  
  Riçard Hu Sinqapurun sabiq maliyyə naziri  
  Henri Oriem Okello Uqandanın xarici işlər naziri  
  Baron Bxattaçaria Lordlar Palatasının üzvü  
  Frensis Uilyam Aston kimya üzrə Nobel mükafatı laureatı  
  Ser Norman Havort kimya üzrə Nobel mükafatı laureatı  
  Lord Robert Sesil  sülh üzrə Nobel mükafatı laureatı  
  Piter Bullok sülh üzrə Nobel mükafatı laureatı  
  Piter Medouor  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Mauris Uilkins tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Pol Nurs tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Con Veyn  tibb üzrə Nobel mükafatı laureatı