Edinburq Universiteti

2015-06-04 01:08:54

Edinburq Universiteti

Edinburq Universiteti

 
  Yerləşir: Böyük Britaniya, Edinburq şəhəri  
Yaranma tarixi: 1582-ci il
Tipi: Dövlət
İllik gəlirləri: 592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına bərabərdir)
İşçi heyəti: 6983 nəfər
Tələbələrin sayı: 26138 nəfər
Rəsmi saytı: www.ed.ac.uk.

Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.  Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.  

Tarixi 

Edinburq Universitetinin yaranması şotlandiyalı yepiskop Robert Reydin adı ilə bağlıdır.  1558-ci ildə R. Reyd vəfat edir. O, vəsiyyətnaməsində universitet yaratmaq məqsədilə fond təchiz edilməsini qeyd edir və bütün var-dövlətini fonda bağışlayır. 1582-ci ildə kral VI Ceyms universitet yaradılması haqqında hazırlanmış xartiyanı imzalayır. Həmin dövrdə insanların daha çox məskunlaşdığı zəngin İngiltərədə cəmi iki universitet olduğu halda, Edinburq Universiteti Şotlandiyada yaradılan dördüncü ali məktəb olur.

2002-ci ildən universitet 3 kollec və 22 məktəbə bölünür. Hazırda məktəblərin əksəriyyəti yüksək dərəcəli muxtariyyət və daxili  təşkilatçılıq hüququna malikdir. 12 avqust 2002-ci ildə Edinburq hersoqu Şahzadə Filip ən müasir xəstəxana, baytarlıq klinikaları, elmi-tədqiqat institutları açmaq üçün universitetə 40 milyon funt vəsait ayırır. Beləcə, iki böyük teatr, bir tibb kitabxanası, xəstəxanalar, məktəb, fakültə və institutlar, tədqiqat mərkəzlərindən ibarət olan və Kiçik Fransa adlanan ərazidə yerləşən Edinburq Kral Xəstəxana kompleksi yaradılır.            

Büdcə xərcləri və təhsil haqqı

2009-2010-cu tədris ilində Edinburq Universitetində əyani təhsil almaq üçün təhsil haqqı orta hesabla 3225 funt-sterlinq təşkil edib. 2010-2011-ci tədris ilində isə bu rəqəmin 3290 funt olacağı müəyyənləşdirilib. ümumiyyətlə, bu məbləğ tələbənin oxuduğu kollecdən, məktəbdən, seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Təhsil haqqını ödəmək üçün tələbəyə kredit təklif olunur. Kreditin məbləği tələbənin ailə büdcəsindən asılıdır. Tələbə kredit borclarını universitetdə təhsil alarkən tədricən ödəyir. Tələbəyə kredit verildiyi gündən hər sentyabr ayı borcun uzərinə faiz əlavə olunur. Bundan irəli gələrək, tələbə borcunu nə qədər tez qaytararsa, o qədər ona sərfəlidir. Əyani və yarımçıq təhsil haqqı isə yenə də tələbənin oxuduğu kollec və məktəbdən asılıdır. 

Universitet bu gün 

Edinburq yaşamaq və oxumaq üçün təhkükəsiz şəhərdir. Burada təhsil alan tələbələr üçün, demək olar ki, bütün şərait yaradılıb. Tələbələr, magistrantlar, doktorantlar yataqxanalar, restoranlar, idman, müxtəlif əyləncə mərkəzləri, media-oxu zalları, rahat nəqliyyat, hətta iş yerlərilə də təmin olunurlar. 

Edinburq Universitetinin akademik strukturuna 22 məktəbdən ibarət olan 3 kollec daxildir:

Humanitar və sosial elmlər kollecinə İncəsənət, mədəniyyət və ətraf mühit, İlahiyyat, Biznes, Sosial elmlərdə səhiyyə, Tarix, klassika və arxeologiya, Hüquq, Ədəbiyyatlar, dillər və mədəniyyətlər, Mori Təhsil Evi, Fəlsəfə, psixologiya və dil elmləri, İctimai və siyasi elmlər, Fasiləsiz təhsil məktəbləri aiddir.

Tibb və baytarlıq kolleci  Biotibbi elmlər, Kliniki elmlər və səhiyyə, Molekulyar və kliniki tibb, Royal Dik baytarlıq tədqiqatları məktəblərindən ibarətdir.

Elmlər və mühəndislik kollecinə Biologiya elmləri, Kimya, Geoelmlər, Mühəndislik, İnformatika, Riyaziyyat, Fizika və astronomiya məktəbləri daxildir.

Edinburq Universiteti müxtəlif proqramlar üzrə onlayn distant təhsil təklif edir.

Hazırda Edinburq Universitetində 6983 professor-müəllim heyəti çalışır. 1953-cü ildən universitetin kansleri Edinburq hersoqu Əlahəzrət Şahzadə Filipdir. Onun təşəbbüsü ilə 2002-ci ildə universitetin Tibb korpusu tikilib. Universitetin tədrisinə və tədqiqatlara verdiyi mühüm nailiyyətlərə görə 2003-cü ildə Şahzadə Filip Kansler Mükafatı ilə təltif edilib. Edinburq Universitetində kanslerdən əlavə rektor fəaliyyət göstərir. 2009-cu ilin martından universitetin rektoru Yan Makvirterdir. Kansler olmadıqda rektor Baş Şuraya rəhbərlik edir.  

 Universitetdə təhsil alan tələbələrin ümumi sayı 26138 nəfərdir. 2009-2010-cu tədris ilində universitetə qəbul ücün 37791 müraciət daxil olub. Edinburq Universitetində "Erasmus" proqramı çərçivəsində Avropa ölkələrilə tələbə mübadiləsi üçün 350, Şimali, Cənubi Amerika, Asiya, Avstraliya ölkələri universitetləri üçün isə 170 yer ayrılıb.

Edinburq Universitetinin məşhur məzunları

  Culius Nyerere  Tanzaniyanın sabiq prezidenti  
  Yun Po Sun Cənubi Koreyanın sabiq prezidenti  
  Uiliyam Uolker  Nikaraqua Respublikasının sabiq prezidenti  
  Qordon Braun Böyük Britaniyanın sabiq Baş naziri  
  Con Rassel Böyük Britaniyanın sabiq Baş naziri  
  Henri Templ Böyük Britaniyanın sabiq Baş naziri  
  Çarlz Tupper Kanadanın sabiq Baş naziri  
  Maykl Cullen Yeni Zellandiyanın maliyyə naziri  
  Devid Yum məşhur Şotland filosofu  
  Adam Smit   Şotland iqtisadçısı, müasir iqtisadi  nəzəriyyənin banisi  
  Artur Konan Doyl məşhur yazıçı, Şerlok Holms haqqında  detektiv romanların müəllifi  
  Valter Skott dünya şöhrətli yazıçı  
  Robert Stivenson məşhur macəra romanlarının müəllifi  
  Edvard Appleton  fizika üzrə Nobel mükafatı laureatı  
  Çarlz Barkla fizika üzrə Nobel mükafatı laureatı  
  Maks Born  fizika üzrə Nobel mükafatı laureatı  
  İqor Tamm  fizika üzrə Nobel mükafatı laureatı  
  Piter Doherti  tibb üzrə Nobel mükafatı laureatı  
  Ceyms Mirrlees iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Piter Mitçell  kimya üzrə Nobel mükafatı laureatı