London Kral Kolleci

2015-06-04 01:12:21

London Kral Kolleci

Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Kollec ölkənin tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement – QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, London Kral Kolleci 100 ən yaxşı ali məktəb arasında Böyük Britaniyada 6-cı, Avropada 7-ci, dünyada isə 23-cü yerdə sıralanıb. Bu kollec Avropada səhiyyə üzrə mütəxəssis hazırlayan bir nömrəli elm mərkəzidir. Kollecin tələbələri təhsil ocağının əlaqələr qurduğu dünya universitetlərində bir il təhsil almaq hüququna malikdirlər. Bu zaman həmin tələbəyə təhsil aldığı ölkənin təhsil sistemi, mədəniyyəti ilə tanış olmaq və ondan yararlanmaq imkanı yaradılır.

Tarixi

London Kral Kolleci 1829-cu ildə kral IV Georq və hersoq Vellinqton tərəfindən London Universitetinin nəzdində Anqlikan kilsəsinin ənənələrinə uyğun olaraq yaradılıb.
 

Qəbul qaydaları

Böyük Britaniyada universitetlərə sənəd verilmə prosesi UCAS (Universities & Colleges Admissions Service – Universitet və Kolleclərə Qəbul Xidməti) vasitəsi ilə onlayn şəkildə keçirilir. Burada hər bir potensial abituriyent üçün səhifə açılır, abituriyent özu haqqında bütün məlumatları həmin səhifədə yerləşdirir. Universitetlər, əsasən, abituriyentdən şəxsi bildiriş (Personal Statement) tələb edir. Abituriyent özu haqqında təxminən 500 sözdən ibarət olan inşa yazmalı, nə üçün məhz həmin fakültəni seçdiyini, müvafiq sahə üzrə nə kimi akademik ve qeyri-akademik işlər gördüyü haqqında məlumat verməlidir. Eyni zamanda müəllimlərin şagird və ya tələbələri haqqında yazdıqları fikirlər – tövsiyə məktubu tələb olunur. Qeyd edək ki, şagirdin və ya tələbənin müəllimin yazdığı fikirlərdən xəbəri olmur. Tələbə eyni vaxtda 5 universitetə sənəd verə bilər.

London Kral Kollecində abituriyentlərə qoyulan tələblər Böyük Britaniyanın digər universitetləri ilə müqayisədə daha yüksək olur.

Məşhur məzunları

  • Qodfry Binaysa Uqandanın 5-ci prezidenti
  • Qlafkos Klerides Kiprin 4-cü prezidenti
  • Tassos Papadopoulos Kiprin 5-ci prezidenti
  • Marouf əl-Bahit İordaniyanın Baş naziri
  • Əbd ər-Rəhman əl-Bəzzaz İraqın 51-ci Baş naziri
  • Ser Linden Pindlinq Baham adalarının 2-ci Baş naziri
  • Obed Asamoah Hananın xarici işlər naziri
  • Məhəmməd Zafrulla Xan Pakistanın xarici işlər naziri
  • Ceyms Nyamveya Keniyanın xarici işlər naziri
  • Reys Yatim Malayziyanın xarici işlər naziri
  • Nikolay Mladenov Bolqarıstanın müdafiə naziri
  • Sir Ernest Klark Tasmaniyanın qubernatoru
  • Desmond Tutu Keyptaunun arxiyepiskopu, sülh üzrə Nobel mükafatı laureatı
  • Ceyms Blek fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Mauris Uilkins fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Maks Teyler fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Çarlz Şerinqton fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Friderik Hopkins fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Edvard Eppliton fizika üzrə Nobel mükafatı laureatı
  • Ouen Riçardson fizika üzrə Nobel mükafatı laureatı
  • Çarlz Barkla fizika üzrə Nobel mükafatı laureatı
  • Tomas Hardi dahi ingilis yazıçısı
  • Uilyam Somerset Moem dahi ingilis yazıçısı
  • Virciniya Vulf dahi ingilis yazıçısı
  • Con Röskin dahi ingilis yazıçısı
  • Ser Uiliyam Gilbert dahi ingilis yazıçısı